...

Səxavət Əlisoy Müsavat Məclisi sədrinin müraciətinə cavab verdi

Siyasət Materials 19 Mart 2015 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyasının nizamnaməsində hərəkata üzv olmaq zidd hesab olunmur. Ancaq Müsavat Partiyasının artıq nizamnaməsini saya salan yoxdur. Orada Arif Hacılının istəyini, arzusunu nəzərə alanlar var".

Bu sözləri Trend-ə Müsavat başqanlığına keçmiş namizəd, "Azərbaycan Demokratiya və Rifah" (ADR) hərəkatının İdarə heyətinin üzvü Səxavət Əlisoy Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlının müsavatçılara ya ADR-i, ya da Müsavat Partiyasını seçmələri ilə bağlı müraciətinə münasibət bildirərkən deyib.

S.Əlisoy qeyd edib ki, Müsavat Partiyasının nizamnaməsini artıq ölü bir şey hesab etmək olar: "Bu baxımdan həmin müraciətdə heç bir anormallıq görmürəm, çünki Arif Hacılının istəyinə uyğun olaraq partiya bu cür idarə olunmalıdır. Mən bunu normal qiymətləndirirəm. Nəhayət, onlar, deyəsən, bir az şüurla düşünməyə başlayıblar ki, düşmənçilikdən əl çəkib ya Müsavat Partiyasında, ya da ADR hərəkatında olmaq lazımdır".

Onun sözlərinə görə, üzvlər hər iki təşkilatda olanda Müsavat Partiyası çox görünür: "Arif Hacılıya da 300 nəfərlik bir siyasi qurum lazımdır ki, orada olan bütün dostlarının hərəsinə bir vəzifə versin və asanlıqla idarə etsin".

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda A.Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə "Azərbaycan Demokratiya və Rifah" hərəkatını yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti