...

Prezidentin tapşırığı ilə Yasamalda tikinti dayandırıldı, icra başçısı cəzalandırıldı

Siyasət Materials 17 Aprel 2015 16:54 (UTC +04:00)
Eyni zamanda, sözügedən ərazidə tikintiyə icazə sənədi almadan tikinti işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz olaraq zəbt edərək dolduran “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib.
Prezidentin tapşırığı ilə Yasamalda tikinti dayandırıldı, icra başçısı cəzalandırıldı

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, "Lake Residence" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadan Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılıb və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, BŞİH tərəfindən göstərilən ərazidə qanunsuz tikinti işləri aparan "Lake Residence" MMC-nin rəhbərliyinə xəbərdarlıq edilib, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi "Lake Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.

Eyni zamanda, sözügedən ərazidə tikintiyə icazə sənədi almadan tikinti işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz olaraq zəbt edərək dolduran "Lake Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib.

Eləcə də rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Əsgər oğlu Mehdiyevə töhmət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti