Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlkin İzzət/
Ümumilli lider Heydər Əliyev həzrətləri kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Bu insanın dövlətçilik, rəhbərlik qabiliyyətləri dünya miqyasında hamıya məlumdur. Lakin zənnimcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə, böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malikdir. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.
Konfransda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyev şəxsiyyətini ali mənəviyyat sahibi kimi dəyərləndirib: "Heydər Əliyev qəlbən hər zaman imanlı insan olub və mən bunun şəxsən şahidi olmuşam. Onun Allah sevgisi, dinimizə müqəddəs yanaşması, ilk növbədə, təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin o, bu sevgini həyatın bütün keşməkeşli dövrlərində hifz edərək, daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu".
Bütün Qafqazın şeyxi deyib ki, Allah-təala Heydər Əiyev həzrətlərini Azərbaycana böyük istəklə göndərmişdi. Onun gördüyü işlər, dediyi sözlər bu gün İlham Əliyev həzrətləri tərəfindən davam etdirilir.
A.Paşazadə ulu öndərin müqəddəs səfər - Məkkə ziyarəti ilə bağlı xatirələrini də bölüşüb: "Dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evinin daxilində Azərbaycan Prezidenti böyük ata kimi Allahdan millətimizi hifz etməsini, xalqının bəlalardan qurtulmasını diləyir, dövlətimizin müstəqillyinin əbədi, həyatımızın firavan və xeyir-bərəkətli olmasını arzulayırdı".
QMİ sədri ulu öndərin vaxtilə SSRİ rəhbərliyində olarkən Kommunist partiyası Siyasi Bürosunun gizli qərarları barədə onunla müzakirələr apardığını açıqlayıb: Mənə hər dəfə deyirdi ki, xüsusən İslamın qabağını tutmaq istəyirlər, amma xristianlara dəymirdilər. Kommunist Partiyasını Siyasi Bürosunun qərarları, kommunist tendensiyası öz təsirlərini göstərdi. Məscidlərimiz dağıldı, alimlərimiz Sibirdə çürüdü, kitablarımızı yandırdılar, basdırdılar. Amma imanımızı basdıra bilmədilər. Çünki bizim Heydər Əliyev kimi oğullarımız vardı".
QMİ sədri bildirib ki, sonralar Heydər Əliyevin səy və iradəsi hesabına müqəddəs dəyərlərin dirçəldilməsi, dini məbədlərin bərpası, dövlət rəhbərimizin mərasimlərdə fəal iştirakını gördükcə bir daha hamıya bəlli olurdu ki, illər uzunu hökm sürən ateist təbliğatı onun qəlbinin dərinliklərində kök salmış Allah sevgisinə zərrə qədər xələl gətirməyib, bu sevgi övladlarına da sirayət edib, onlar da müqəddəs dinlərinə ehtiram ruhunda tərbiyə olunublar: " Sonuncu dəfə ümrə ziyarətində olarkən Prezident İlham Əiyev və onun ailəsində olan iman məni çox təəccübləndirdi. Biz İlham Əliyevin rəhbərliyi ilə inşəallah əzəli torpaqlarımızı da qayataracağıq. Allah bizə xoşbəxtliyi nəsib edəcək".
Şeyxülislamın fikrincə, "Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq" sözləri Heydər Əliyev həzrətlərinin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. A. Paşazadə xüsusi vurğulayıb ki, ulu öndər Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin rolu və fəaliyyətini hər zaman yüksək dəyərləndirib.
QMİ sədri Azərbaycanda tolerantlığın dövlət siyasəti olaraq əsasının ümimmilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu xəttin möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb, ölkəmizin mədəniyyətlər, dinlərarası dialoq, multikulturalizm sahəsində avanqard rol oynamasının Heydər Əliyev irsindən qaynaqlandığını rəğbətlə vurğulayıb.
Konfransda Azərbaycan hökumət və parlament təmsilçiləri, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, tanınmış elm, din və ictimaiyyət xadimləri iştirak ediblər. Çıxış edən digər natiqlər ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər.
Konfransdan sonra ulu öndər Heydər Əliyevin xatirəsinə böyük ehsan mərasimi təşkil edilib, ümummilli liderin ruhuna dualar oxunub.
Allahşükür Paşazadə: Heydər Əliyev hər zaman imanlı insan olub
Heydər Əliyev həzrətləri kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir.