...

28 May - Respublika Günü Təbrizdə qeyd olunub (FOTO)

Siyasət Materials 27 May 2015 09:31 (UTC +04:00)
Təbrizdə Azərbaycanın 28 May - Respublika Günü təntənəli qeyd olunub.
28 May - Respublika Günü Təbrizdə qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Təbrizdə Azərbaycanın 28 May - Respublika Günü təntənəli qeyd olunub. Bu barədə Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan Trend-ə verilən məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü, 28 May-Respublika Günü münasibətilə Təbrizin Elgölü Pars Hotelinin "Ziyafət" salonunda rəsmi qəbul keçirilib.

Azərbaycan və İranın dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və nailiyyətləri haqqında iştirakçılara məlumat verib. Baş konsul 23 ay ərzində yaradılan tarixin xalqımızın varlığına hopduğunu və Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. Ulu öndər H.Əliyev tərəfindən əsası qoyulan hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin ölkə Prezidentimiz tərəfindən davam etdirildiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində böyük uğurlar əldə edildiyini qeyd edib. Baş konsul son 11 ildə Azərbaycanın bütün sahələrdə əldə etdiyi bir çox nailiyyətləri, iqtisadi göstəriciləri sadalayaraq, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar haqqında da məlumat verib, Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyin, münaqişənin həllində beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsinin təəsüfverici hal olduğunu vurğulayıb, Azərbaycan nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü gec-tez bərpa edəcəyini diqqətə çatdırıb.

Baş konsul son dövrlərdə hər iki ölkə rəhbərlərinin yüksək əzmi ilə daha da inkişaf edən Azərbaycan-İran münasibətlərindən də danışaraq, bunun Baş Konsulluğun əhatə etdiyi vilayətlərə də sirayət etdiyini, qarşılıqlı səfərlərin, sərgilərin, müştərək layihələrin, iqtisadi, elmi-mədəni tədbirlərin artdığını qeyd edib.

Rəsmi qəbulda İranın Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə də çıxış edərək, İran-Azərbaycan əlaqələrinin inkişafından, əhəmiyyətindən, ortaq bağlılıqlardan, ötən dövrdə həyata keçirilmiş və keçiriləcək işlərdən danışıb, İran tərəfinin təbriklərini Azərbaycan dövlətinə və xalqına çatdırıb.

Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini, İranla münasibətlərini əks etdirən film nümayiş olunub, Azərbaycan xalq mahnılarının sədaları altında ziyafət verilmiş, "Azərbaycan-97" rəmzi yubiley tortu kəsilib.

Rəsmi qəbul çərçivəsində eyni zamanda Azərbaycanda keçiriləcək "1-ci Bakı 2015 Avropa Oyunlarını"nın rəsmi təqdimat mərasimi də keçirilib, oyunlara dair videorolik nümayiş olunub, Baş konsulluğun əməkdaşı N.Orucəliyev bu oyunlar haqqında iştirakçılara məlumat verərək İran vətəndaşlarını da bu oyunları izləməyə dəvət edib.

Rəsmi qəbulda İranın Şərqi Azərbaycan Vilayətinin valisi, valinin müavini, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İranın Şərqi Azərbaycan Vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin, Mədəni İrs, Əl İşləri və Turizm İdarəsinin, Təbriz Ticarət Palatasının rəhbərləri, eləcə də vilayətin digər dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətin nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. 28 May-Respublika Günü ilə əlaqədar İranın Qərbi Azərbaycan Vilayəti valisinin də təbrik məktubu Baş Konsulluğa ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti