...

Rafael Hüseynov: Məqsəd xüsusi xidmət orqanlarının, böyük kəşfiyyat qurumlarının sifarişini yerinə yetirməkdir

Siyasət Materials 10 İyun 2015 13:53 (UTC +04:00)
Onlar sifarişləri yerinə yetirən kiçik fiqurlardır. Bunun arxasında isə daha nəhəng qüvvələr dayanır.
Rafael Hüseynov: Məqsəd xüsusi xidmət orqanlarının, böyük kəşfiyyat qurumlarının sifarişini yerinə yetirməkdir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

"Avropa Parlamentində kütləvi şəkildə teatlraşdırılmış antiazərbaycan tədbiri keçirilirsə, bu, ayrı-ayrı ölkələrdən konkret marağı olan şəxslər, məsələn, vaxtilə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç tərəfindən ABŞ-da, Avropada Azərbaycan əleyhinə dinləmələr təşkil edilirsə, qərəz elə ilk andan görünür. Onların məqsədi arxalarında dayanan güclərin, xüsusi xidmət orqanlarının, dövlətlər tərəfindən idarə edilən böyük kəşfiyyat qurumlarının sifarişlərini yerinə yetirməkdir. Bu adamlar sifarişləri yerinə yetirən kiçik fiqurlardır. Arxalarında isə daha böyük qüvvələr dayanır. Azərbaycan ictimaiyyəti, müxalifəti, sıravi vətəndaşları da bunu çox yaxşı başa düşür, anlayır. Ona görə də həmin qüvvələr Azərbaycanda kütləvi dəstək tapa bilmirlər".

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiyaya və Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirərkən deyib.

R.Hüseynov bildirib ki, Azərbaycan 20-ci əsrin əvvəllərində ilk dəfə müstəqilliyini qazandığı dövrdə müstəqilliyini bərpa etdikdən sonra da böyük güclərin, xarici dövlətlərin diqqət mərkəzində olub: "Bunun birinci səbəbi Azərbaycanın yerləşdiyi geostrateji məkanın son dərəcə önəmli olmasıdırsa, digər səbəbi ölkənin malik olduğu enerji ehtiyatlarıdır. Xarici dövlətlər, böyük güclər Azərbaycanda iradələrini diktə etməyə, onu nəzarət altında saxlamağa cəhd edirlər. Bu region mühüm olduğu üçün ciddi enerji ehtiyatları olmayan dövlətləri də nəzarətdə saxlamağa çalışırlar. Bunun əyani nümunəsi Ermənistandır ki, o, başqa dövlətin quberniyası səviyyəsindədir. Azərbaycana qarşı son illər güclənmiş təzyiqlərin hədəfi Azərbaycanı iradələrinə tabe etdirmək, onu nəzarət altında saxlamaqdır. Azərbaycanın müstəqil olması nə qədər çətindirsə, müstəqil siyasət aparması ikiqat çətindir. Azərbaycan müstəqil siyasət aparır, öz dövlət iradəsini ortaya qoyur. Ona görə də xarici güclər buna qarşı müxtəlif üsullarla mübarizə aparırlar. Son illər ölkəmizə qarşı aparılan mübarizənin əsas formalarından biri demokratiya, insan hüquqlarını müdafiə etmək pərdəsi altındakı mübarizədir. Çox hiyləgər model seçilib - Azərbaycanın ayrı-ayrı hüquq müdafiəçilərini, bloqqer və jurnalistlərini irəli vermək, onlar həbs ediləndə, cəsusluq fəaliyyətləri ifşa olunanda isə onların guya siyasi baxışlarına, sərbəst fikirlərinə görə həbs olunduğu müddəaları ilə çıxış etmək".

R.Hüseynov qeyd edib ki, Avropa Şurasının xətti ilə keçirilən ötən "Demokratiya forumu"nda ifadə olunan fikirlərdən biri bu olub ki, yeni müstəqillik qazanmış ölkələrə qarış siyasət yürüdərkən müxalifət partiyalarına yox, ayrı-ayrı siyasi xadimlərə arxalanmaq lazımdır: "Çünki onlar hətta həbs olunduqda, cəsusluq fəaliyyətləri ifşa olunduqda belə hüquq müdafiəçiləri, demokratiya uğrunda mübarizə aparan tanınmış simalar olduğuna görə, buna başqa don geydirərək insan haqlarına qarşı mübarizə kimi təqdim etmək olur. Avropa Parlamentində, Avropa Şurasında, digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı aparılan indiki siyasətin təməlində məhz bu durur. Bu, demokratiya, insan hüquqlarının müdafiəsi pərdəsi altında riyakarlıqdan başqa bir şey deyil, öz iqtisadi maraqlarını təmin etmək, Azərbaycanı iradəsi altında saxlamaq və onun apardığı müstəqil siyasətə mane olmaq yolunda edilən cəhdlərdir. Böyük ehtimalla belə cəhdlər gələcəkdə də olacaq. Bütün bu aksiyalar heç bir nəticə verməyəcək. Bunun üçün azərbaycanlılar bir olmalı və ardıcıl mübarizə aparmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti