...

Azərbaycanla Efiopiya arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub (FOTO)

Siyasət Materials 27 İyul 2015 13:38 (UTC +04:00)
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın mədəniyyət və turizm naziri cənab Əmin Əbdülqadir ilə görüş keçirib.
Azərbaycanla Efiopiya arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub  (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın mədəniyyət və turizm naziri Əmin Əbdülqadir ilə görüş keçirib. Görüş zamanı Azərbaycanla Efiopiya arasında ikitərəfli əməkdaşlığın aparılması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu barədə Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Görüşdə səfir E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, ölkənin turizm sahəsində əldə etdiyi uğurları və ölkəmizin regionun aparıcı turizm mərkəzinə çevrildiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Səfir E.Abdullayev Azərbaycanda turizmin inkişafı və turistlərin cəlb edilməsi üçün ölkəmizdə ən müasir turizm infrastrukturun yaradıldığını və o cümlədən dünyanın tanınmış mehmanxana şəbəkələrinin ölkəmizdə mövcud olduğunu bildirib. Diplomat qədim diyar olan Azərbaycanda regionun ən qədim və zəngin maddi-mədəni, dini abidələrinin yerləşdiyini qeyd edib.

Diplomat Azərbaycanın bir çox mötəbər, beynəlxalq miqyaslı tədbirlərə və xüsusilə İlk Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizin mühüm beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olduğunu bildirib.

Görüş zamanı nazir Ə.Əbdülqadir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin böyük uğurlara imza atdığını qeyd edərək, Azərbaycanın sürətlə inkişaf etdiyini və qısa bir zaman ərzində dünyada inkişaf etmiş bir ölkə kimi tanındığını vurğulayıb.

Efiopiyalı nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və turizm və mədəniyyət sahələrində əməkdaşlığın aparılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın aparılması və inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti