Mübariz Əhmədoğlu: Ermənistan ordusu və onun rəhbəri Seyran Ohanyan həm nazir, həm də insan kimi iflasdadırlar

Siyasət Materials 23 Sentyabr 2015 10:47 (UTC +04:00)
Ermənistan müdafiə naziri Seyran Ohanyan və onun rəhbərlik etdiyi ordu proseslərin aktiv mərkəzindədir. “Şant (İldırım) 2015” hərbi təlimləri Ermənistan rəhbərliyinin öz ordusunun gücü barədə real təsəvvürlərini ortalığa qoydu.
Mübariz Əhmədoğlu: Ermənistan ordusu və onun rəhbəri Seyran Ohanyan həm nazir, həm də insan kimi iflasdadırlar

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Ermənistan müdafiə naziri Seyran Ohanyan və onun rəhbərlik etdiyi ordu proseslərin aktiv mərkəzindədir. "Şant (İldırım) 2015" hərbi təlimləri Ermənistan rəhbərliyinin öz ordusunun gücü barədə real təsəvvürlərini ortalığa qoydu.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu qeyd edib ki, mümkün qədər real döyüş vəziyyətinə uyğunlaşdırılmış hərbi təlimin əhatə dairəsi yalnız Ermənistan ərazisi idi: "Eləcə də hərbi təlim hücum xarakterli deyil, müdafiə xarakterli idi. Ermənistanda bu hərbi təlimi hazırlayan strateqlər görünür başa düşüblər ki, Dağlıq Qarabağ münaqişəsi regionunda müharibə başlayarsa, müharibə bu regionda 2 -3 gün qalacaq. Müharibə dərhal Ermənistanın öz ərazisinə keçəcək. Hətta paytaxt Yerevanın müdafiəsi üçün xüsusi məşqlər keçirildi".

Politoloq qeyd edib ki, Azərbaycan Ordusunun gücünün tanınması üçün ən yaxşı vasitə məhz bu təlim oldu: "Çünki həmin ərəfədə Azərbaycan Ordusu Dəniz Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Quru Qoşunların iştirakı ilə geniş miqyaslı, hücum xarakterli hərbi təlimlər keçirirdi. Kimsə Ermənistanın belə cavab reaksiyasının Ermənistan rəhbərliyinin ağıllanması kimi təqdim edə bilər. Amma hesab edirəm ki, dünyada ən çətin məsələ Ermənistan rəhbərliyinin ağıllanmasıdır. Görünür, Ermənistan rəhbərliyi ordunun real gücünü göstərməyə məcbur edilib. Beynəlxalq hərbi analitik qrupların (Global Firepower) araşdırmalarına görə, Azərbaycan Ordusu Cənubi Qafqazda birincidir. Ermənistanın neçənci yerdə olmasının ermənilərə qətiyyən dəxli yoxdur. Ermənilərə yalnız Azərbaycandan öndə olmaq sərf edir. Belə deyilsə, "məndən sonra lap bütün dünya batsın" fəlsəfəsi hakim olur".

M.Əhmədoğlu bildirib ki, Ermənistan ordusunun real vəziyyətinə dair beynəlxalq hərbi qurumların mövqeyi ilə Ermənistan rəhbərliyinin öz ordusunun gücü ilə bağlı mövqeyinin üst-üstə düşməsi də diqqət çəkən məsələdir: "Ermənistanda təriflədikləri ordunu qura bilmədilər. Ermənistanda nazir Seyran Ohanyanın şəxsi və ya siyasi maraqlarına xidmət edən ordu çox böyük korrupsiya maşınıdır. Ermənistan ordusunun ikinci təyinatı etnokriminallar hazırlamaqdır. Ona görə Dünya erməniliyində kriminallıqla məşğul olanların sayı, digər işlərlə məşğul olanların sayından xeyli artıqdır".

Mərkəz rəhbəri hesab edir ki, hərbi təlimlər Seyran Ohanyana nazir olaraq münasibəti də aşkarladı: "Hərbi təlimlərlə bağlı mətbuatda bütün açıqlamaları Dağlıq Qarabağdan Yerevana təzəcə aparılmış Ermənistan Müdafiə Nazirliyinin Baş ştab rəisinin müavini Movses Akopyan verdi. Movses Akopyan naqqallığına və siyasətə müdaxiləsinə görə, Seyran Ohanyandan geri qalmır, bəlkə də üstələyir. Belə vəziyyət Movses Akopyanın Dağlıq Qarabağdan Yerevana gətirilməsinin əsas səbəbinin Seyran Ohanyanı nazir postunda əvəzləməsi barədə yayılan məlumatların həqiqətə yaxın olduğunu göstərir. Movses Akopyanın Yerevana gətirilməsi Seyran Ohanyanın ailəsi barədə mətbuatda yazıların yayılmasından sonra baş vermişdi. Seyran Ohanyanın həyat yoldaşı barədə açıqlanan məlumatlar onu insan kimi də nüfuzdan saldı. Hal-hazırda Seyran Ohanyan həm nazir, həm də insan kimi böhran keçirir. Movses Akopyanın da ailəsi barədə bəzi fikirlər yayılmışdı. Onun da həyat yoldaşının Dağlıq Qarabağın küçələrində "avtoşluq" etməsi, eləcə də Dağlıq Qarabağı bəyənməməsilə bağlı məlumatlar yayılmışdı. Görünür, hələ diqqəti çəkmir".

Politoloq sonra qeyd edib ki, Seyran Ohanyanın nazir və insan kimi iflası onun Rusiya ilə də münasibətlərinə təsir etdi: "Rusiyanın Müdafiə Nazirliyində başa düşüblər ki, belə şəxsi həyatı olan adam NATO-nun amerikalı kuratorları A.Verşbou və F.Bridlav qarşısında bütöv şəxsiyyət kimi dayana bilməz. O ancaq beli əyilmiş qul kimi NATO rəhbərliyinin qabağında icra üçün əmrləri gözləyə bilər. RF Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor İqor Serqunun Yerevana səfərinin mahiyyəti tədricən aydınlaşır. Məhz bu baş verənlərə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyaya səfər etməkdən çəkinir. Rusiya ərazisinə getməyə məcbur olduğu vaxtlarda isə RF müdafiə naziri onu qəbul etmədi. Hətta Tacikistanda KTMT-nin iclası zamanı da S.Şoyqu S.Ohanyanla görüşmədi. Azərbaycanın müdafiə naziri ilə Rusiya müdafiə naziri arasındakı münasibətlər bu fonda çox üstün görünür. S.Sərkisyan və S.Ohanyan Azərbaycan və Rusiya hərbçiləri arasında münasibətləri sonadək korlaya bilmədi".

M.Əhmədoğlu sonra vurğulayıb ki, Ermənistanın müdafiə naziri S.Ohanyanın həm nazir, həm də insan kimi iflası iki istiqamətdə də özünü göstərib: "Birincisi, KTMT-nin baş katibi N.Bordyuja S.Ohanyanı öz xalqının maraqlarını müdafiə edən qəhrəman hesab edirdi. N.Bordyujanın dilindən səslənmiş bu fikir əksər ruslarda S.Ohanyanın həm də rus xalqının maraqlarının müdafiəçisi obrazını yaratmağa yönəlmişdi. İndi bəlli olur ki, S.Ohanyan fransız məişətli, erməni davranışlı casusdur. N.Bordyuja Yeltsin komandasının üzvüdür. Yeltsinin dövründə Kreml Vaşinqtonun "obkomu" hesab edilirdi. N.Bordyujanın S.Ohanyanın NATO ilə oyunlarına, KTMT-ni aşağılamasına dözməsinin səbəbi də buradadır. Ona görə N.Bordyujanın KTMT-nin baş katibi kimi taleyi yaxınlarda həll olunacaq. İkincisi, Tarasov Ko ideya boşluğundadır. Azərbaycan-Ermənistan münasibətlərinə dair cılız arqumentlərdən istifadə etməyə başlayıb. Deyəsən ağıllanmış erməni heç kimə, heç erməninin özünə də lazım deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti