...

Latviyanın sabiq Prezidenti: Bakı ünsiyyət və ideya mübadiləsi üçün uyğun məkandır

Siyasət Materials 10 Mart 2016 12:57 (UTC +04:00)
Bu gün Bakıda keçirilən forumun əsas məsələsi: "Yeni yanaşmalar, o cümlədən yaradıcı yanaşma, dünyanı dəyişə və müasirliyin onun qarşısında qoyduğu çətinlikləri həll edə bilərmi?"
Latviyanın sabiq Prezidenti: Bakı ünsiyyət və ideya mübadiləsi üçün uyğun məkandır

Bakı. Seymur Əliyev - Trend:

Bu gün Bakıda keçirilən forumun əsas məsələsi: "Yeni yanaşmalar, o cümlədən yaradıcı yanaşma, dünyanı dəyişə və müasirliyin onun qarşısında qoyduğu çətinlikləri həll edə bilərmi?"

Trend-in məlumatına görə, bunu Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Sabiq Prezidentin sözlərinə görə, Bakı ünsiyyət və ideya mübadiləsi üçün uyğun məkandır: "Çünki bizim mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla sıx əməkdaşlığımız qurulub".

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.

Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti