...

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun təsis yığıncağı keçirilib

Siyasət Materials 11 Mart 2016 07:09 (UTC +04:00)

Bakı. Trend:

Martın 9-da 42-ci çağırış Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun təsis yığıncağı keçirilmişdir.

Azərbaycanın Kanadadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, yığıncaq zamanı Dostluq Qupunun tərkibi və məsul şəxsləri, o cümlədən sədr, sədr müavinləri, katib və direktorlar müəyyənləşmişdir. Kanada Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü cənab Ceymi Şmeyl (Jamie Schmale) Dostluq Qrupunun sədri vəzifəsinə seçilmişdir.

Bundan başqa, tədbir zamanı Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli çıxış edərək, Azərbaycanın Kanada ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirmiş və iki ölkə arasında əlaqələrin tərəqqisi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutmasının vacibliyini vurğulamışdır. Eyni zamanda parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığı da qeyd edilmiş və millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur. Bundan başqa, Kanada şirkətlərinin Azərbaycandakı fəaliyyəti və ölkəmizdə əldə etdiyi müqavilələr barədə iştitrakçılara məlumat verilmişdir.

Dostluq Qrupunun sədri Ceymi Şmeyl isə öz çıxışında Kanadanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.

Müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı geosiyasi vəziyyət, enerji layihələri, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlərə toxunulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti