...

Fuad Muradov: "Corc Sorosun siyasi bəyanat verməsi onun istismarçı məqsədini göstərir"

Siyasət Materials 30 İyun 2016 18:33 (UTC +04:00)
Bilsinlər ki, bu cəhdlər sabun köpüyündən başqa bir şey deyil.
Fuad Muradov: "Corc Sorosun siyasi bəyanat verməsi onun istismarçı məqsədini göstərir"

Bakı. Trend:

“Corc Sorosun fəaliyyəti nəticəsində iri korporasiyaların dünyanın bir çox bölgələrində, xüsusən də Afrikada iri gəlirlər əldə etməsi ilə sadə xalq arasında yaranan aclıq, səfalət, hərc mərclik göz önündədir. İndi belə bir adamın hansısa siyasi bəyanat verməsi qeyri-ciddidir”.

Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

Millət vəkili qeyd edib ki, C.Sorosun siyasi bəyanat verməsi onun istismarçı siyasətini və gəlir yolları əldə etmə məqsədini bir daha ortaya qoyur: “Onun ölkəmizə qarşı bu mövqeyinin səbəbi odur ki, Azərbaycan dövləti belə şəxslərin vətəndaşlarımızın müflisləşməsi hesabına ölkəmizdə gəlirlər əldə etməsinə imkan verməyib. Həmçinin Azərbaycan hökuməti Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara müxtəlif vasitələrlə mane olmağa çalışan, eyni zamanda ölkə daxilində hərc-mərclik formalaşdırmağa cəhd edən bu maliyyə fırıldaqçısının fəaliyyətinə xitam vermişdi”.

F.Muradov bildirib ki, C.Sorosun adı olan yerlərdə böhran, hərc-mərclik halları geniş vüsət alıb: “Bu adamın fəaliyyəti harada varsa, o ölkələrdə daxili münaqişələrin artmasının şahidi oluruq. Eyni zamanda maliyyə fırıldaqları edən bu adam üçün pul qazanmaq ehtirası bütün maraqlardan üstündür. Bu gün belə bir keyfiyyətlərə malik adamı Azərbaycana qarşı istifadə etmək istəyən qüvvələr, həmçinin buna daxildən dəstək verən bəziləri anlamalıdır ki, bizim üçün ölkəmizin milli maraqlarından üstün heç bir amil yoxdur. Yaxşı olar ki, istər daxili, istərsə də xarici qüvvələr xalqımızın istənilən məsələdə ölkə başçısının ətrafında sıx birləşdiyini anlasınlar. Bilsinlər ki, bu cəhdlər sabun köpüyündən başqa bir şey deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti