...

Xalqın üz çevirdiyi Ermənistan iqtidarı növbəti fokusa hazırlaşır

Siyasət Materials 19 Avqust 2016 21:33 (UTC +04:00)
2017-ci ildə Ermənistan parlament seçkilərinə hazırlaşır.
Xalqın üz çevirdiyi Ermənistan iqtidarı növbəti fokusa hazırlaşır

Bəxtiyar Hacıyev - Trend:

2017-ci ildə Ermənistan parlament seçkilərinə hazırlaşır. Nüfuzunu çoxdan itirmiş Ermənistan hakimiyyəti aprel döyüşlərində məğlubiyyət, 17 iyul hadisələri və bir sıra etiraz aksiyaları fonunda seçkilərə artıq məğlub gedir.

Ölkədə siyasi və iqtisadi böhranın gündən-günə dərinləşməsi, səngiməyən etirazlar və hakimiyyətin bu etirazların qarşısını almaq üçün polisin gücündən istifadə etməyə məcbur olması Ermənistanda mənzərənin çox acınacaqlı olduğunu deməyə əsas verir.

Hələ bir ay əvvəl - iyulun 17-də müxalifət nümayəndəsi Jirayr Sefilyanın silahlı tərəfdarlarının polis məntəqəsini ələ keçirərək onun həbsdən azad edilməsini tələb etmələri, bir neçə polisi girov götürmələri, xalqın iqtidarı deyil, polisin mühasirəsində qalan bu silahlıları açıq-aşkar dəstəkləməsi, hətta onlara yemək ötürmək cəhdləri, dəstək aksiyalarının keçirilməsi böyük iddialarla çıxış edən hakimiyyətin əslində 5-10 silahlının əlində girinc qaldığını və xalqın etibarını itirdiyini göstərdi.

Onsuz da bu vaxtadək Ermənistanda keçirilmiş seçkilər saxtakarlıqlarla müşayiət olunub. Məhz bu baxımdan növbəti seçkilərin də şəffaf keçiriləcəyi şübhə doğurur. Parlament seçkilərində seçicilərin böyük əksəriyyətinin iqtidara səs verəcəyi inandırıcı görünmür. Lakin bu da nəticələrin saxtalaşdırılmayacağına zəmanət vermir.

Ermənistanın “Demokratiya Naminə Əməkdaşlıq” İctimai Birliyinin sədri Stepan Danielyan bildirib ki, seçkilər saxtakarlığa yol verilmədən keçirilsə, ehtimal ki, hakimiyyət səslərin 10 faizindən çoxunu qazanmayacaq. Ümumilikdə isə xalqın heç bir partiyaya inamı yoxdur.

O əlavə edib ki, qarşıdakı seçkilər baş tutsa, bu, son 25 ildə ən biabırçı seçkilər olacaq.

Seçki Məcəlləsi ilə bağlı "4+4+4" formatında aparılan müzakirələrin nəticəsinə əsasən, hakimiyyət və müxalifət arasında razılıq da əldə olunub, lakin hakimiyyətin bu razılığa əməl etməyəcəyi ilə bağlı narahatlıq var.

Ölkədə iqtisadi böhran, səfalət hökm sürür. Pulsuzluq Ermənistan hakimiyyətini hətta ezamiyyət xərclərini azaltmağa məcbur edib. Ölkənin Baş naziri 2016-cı ildə ezamiyyətlərə görə dövlət büdcəsindən ayrılan vəsaitlərin 30 faiz azaldılmasını tapşırıb.

Ermənistanda bu gün də etirazlar səngiməyib. Ötən gün Ermənistan hökumətinin binası qarşısında mitinq keçirilib. Bu dəfə etiraz növbəsi “Nairit” zavodunun sabiq işçilərinə çatıb. Onlar zavodun yenidən işə salınmasını və gecikdirilmiş əməkhaqlarına görə əlavə ödənişləri tələb etmək üçün Baş nazir Ovik Abramyanla görüş tələb ediblər.

Aksiya iştirakçıları 34 ildir bu zavodda işlədiklərini, indi isə dilənçi vəziyyətində yaşadıqlarını deyirlər.

Ermənistanın müxalif "Təsis parlamenti" təşəbbüs qrupunun üzvü Alek Yeniqomşyan bildirib ki, 17 iyul hadisələri Ermənistanda vəziyyəti tamamilə dəyişdi: "Rejimin "bizə qarşı oyun oynamaq olmaz" yanaşması iflasa uğradı. Rejimin özünə inamı yoxdur. Hazırda hakimiyyət yalnız bir instituta – polis cəzalandırma qüvvələrinə arxalanmaqda davam edir. Lakin yüzlərlə polis əməkdaşı xidmətdən çıxmaq üçün ərizə verib – polis öz xalqına xətər yetirmək istəmir".

O iddia edir ki, erməni diasporu da hakimiyyətə qarşı mübarizə aparanları dəstəkləyir: “Bu şəraitdə rejimin yalnız bir variantı qalır – Şimali Koreya”.

Ötən gün zaminə buraxılan "İrs" partiyasının İdarə heyətinin sədr müavini Armen Martirosyan da qeyd edib ki, Ermənistanda 20 min polis əməkdaşından hakimiyyətin tərəfində daxili qoşunların bir hissəsi və xüsusi dəstələr qalıb.

Daxili vəziyyətin bərbad olması bir yana, ölkənin siyasi durumu da qənaətbəxş deyil.

Erməni icmalçı Akop Badalyan bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin çıxılmaz vəziyyətə düşən sərhəd əyalətidir. O, Ermənistanın bu Birliyin digər üzvləri üçün maraqsız ölkə olduğunu da vurğulayıb.

İcmalçının sözlərinə görə, hakimiyyət biznesə müdaxilə etmək əvəzinə, korrupsiya ilə mübarizə aparmalıdır.

Ümumilikdə, sadalanan hadisələrin və etirazların fonunda Ermənistan iqtidarının parlament seçkilərində "qələbə qazanmaq" üçün fokus göstərəcəyini indidən təxmin etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti