...

Səxavət Əlisoy: Bir-birini həzm edə bilməyən müxalifət liderlərinin birlikdə olması qeyri-mümkündür

Siyasət Materials 20 Sentyabr 2016 16:04 (UTC +04:00)
Müsavat Partiyasının Milli Şuranın keçirmək istədiyi mitinqə qoşulacaqları barədə bəyanatı yenidən AXCP ilə Müsavat üzvləri arasında mübahisələrə və qarşılıqlı ittihamlara yol açıb.
Səxavət Əlisoy: Bir-birini həzm edə bilməyən müxalifət liderlərinin birlikdə olması qeyri-mümkündür

Bakı. Elçin Mehdiyev - Trend:

Müsavat Partiyasının Milli Şuranın keçirmək istədiyi mitinqə qoşulacaqları barədə bəyanatı yenidən AXCP ilə Müsavat üzvləri arasında mübahisələrə və qarşılıqlı ittihamlara yol açıb.

Məsələyə münasibət bildirən "Azərbaycan Demokratiya və Rifah" (ADR) hərəkatı sədrinin müavini, sabiq Müsavat başqanının müşaviri Səxavət Əlisoy Trend-ə bildirib ki, bunun əsas səbəbi müxalifət liderlərinin bir-birini həzm edə bilməməsidir.

S.Əlisoy deyib ki, müxalifət liderləri kimin mitinqə daha çox adam gətirməsini əsas tutaraq özlərini ana müxalifət, hakimiyyətə daha iddialı adlandırmağa çalışırlar:

“Ancaq bunlar tamamilə yanlış yanaşmadır. 23 ildir Azərbaycanda müxalifət fəaliyyət göstərir və bu 23 ildə çoxsaylı mitinqlərə çıxmışıq. Ancaq sual olunur: mitinq nə verir?! Müxalifətin ən güclü dövründə, 1998-2003-cü illərdə mitinqlərlə nəyə nail oldu müxalifət?! Heç bir şeyə. Müxalifət taktikası barədə ciddi düşünməlidir”.

S.Əlisoy bildirib ki, müxalifətin mitinqləri bir müddət qalxan xətilə getdi, sonra kəskin azaldı və yenə də mitinqdən əl çəkmirlər:

“2003-cü ilə bir daha təkrar qayıdıram. Müxalifətin mitinqinin ən pik həddi 2003-cü ildə oldu. Orada da müxalif qüvvələr birləşə bilmədilər. Hətta Londonda görüş keçirildi, ancaq birlik alınmadı. Bu gün də birlikdə mitinqlərin keçirilməsi mümkün deyil. Mən ad çəkmədən deyirəm və bu adlar hər kəsə bəllidir, Azərbaycanın müxalifət liderləri bir-birini həzm edə bilmir. Bir-birini həzm edə bilməyən müxalifət liderlərinin birlikdə mitinq keçirməsi qeyri-mümkündür. Bəzən bu məsələdə iqtidarı günahlandırırlar. Müxalifət liderlərinin bir-birini həzm edə bilməməsində iqtidarın nə günahı var?! Məgər iqtidar deyir ki, sən mənim tərəfimdə ol, sən bunun tərəfində?! Sadəcə olaraq bunlar bir-birilərini həzm edə bilmədiyi üçün təkəbbür bir yerdə olmağa imkan vermir. Bu, müxalifət liderlərinin uzaqgörən olmamasının, siyasətdə düzgün taktika seçməmələrinin nəticəsidir. Ən dəhşətlisi isə odur ki, partiya üzvləri belə, öz partiyalarının liderlərinə etirazlarını bildirə bilmirlər ki, səninlə o biri partiyanın sədrlərinin münasibətləri normal deyilsə, biz nədən bu münasibətlərdən əziyyət çəkməliyik?! Yəni partiya üzvləri belə, sosial şəbəkələrdə partiya sədrlərinin öz keyfinə uyğun atdığı addımları dəstəkləyirlər. Bu, heç vaxt birlikdə mitinq keçirməyə gətirib çıxaran söhbət deyil. Ona görə də bu mitinqlərin nə partiya üzvlərinə, nə də cəmiyyətə bir faydası olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti