...

Əli Həsənov: Azərbaycan-İran əlaqələrini pozmaq istəyənlər məqsədlərinə çatmayacaqlar

Siyasət Materials 17 Yanvar 2017 16:46 (UTC +04:00)
İran və Azərbaycan arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər.
Əli Həsənov: Azərbaycan-İran əlaqələrini pozmaq istəyənlər məqsədlərinə çatmayacaqlar

Bakı. Trend:

İran və Azərbaycan arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Baş nazirin müavini bildirib ki, İran ilə Azərbaycan arasında əlaqələr günbəgün inkişaf edir. “İran dövləti və xalqı bizim üçün dost və qardaşdır. Həm dinimiz birdir, eyni zamanda, dilimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizdə çox oxşarlıqlar var”.

Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulayan Ə.Həsənov qeyd edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.

İran şirkətlərinin Azərbaycanda bir çox layihələrdə iştirak etdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib. Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, ölkələrimiz beynəlxalq məsələlərdə eyni mövqe sərgiləyir, bir-birilərini müdafiə edirlər: "İran və Azərbaycan prezidentləri tez-tez görüşür, qarşılıqlı səfərlər edirlər. Ölkələrimiz arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər".

Baş nazirin müavini respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi, iqtisadi vəziyyətinin ağır olduğu bir dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara ("Hilal Əhmər") Cəmiyyəti humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirib:

“Hazırda biz mürəkkəb bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün İslam həmrəyliyinə çox böyük ehtiyac var. Bu il Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan tolerant ölkədir. Ermənistandan fərqli olaraq ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar dinc, mehriban şəraitdə yaşayırlar. Onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdirlər”.

Əli Həsənov əminliyini bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr bundan sonra daha da inkişaf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti