Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə” üzrə 3-cü bənd aşağıdakı redaksiyada verilir:
“3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.”;
17.8-ci yarımbənddə “sərhəd dəstələrinin, hərbi dəniz və hərbi aviasiya hissələrinin” sözləri “sərhəd qoşunlarının, sahil mühafizəsinin, çevik qüvvələrin, sərhəd nəzarətinin” sözləri ilə əvəz edilsin; 17.9-cu yarımbənddə “sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri” sözləri “sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti” sözləri ilə əvəz edilir.
Bu fərmanla “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu” yeni redaksiyada təsdiq edilir.
Dövlət başçısının digər sərəncam və fərmanı ilə müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı” və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi” də təsdiq edilib.