Bakı. Trend:
“Ekspo-2025” (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanında, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərargahında İƏT-ə üzv ölkələrin nümayəndələri üçün təqdimat mərasimi keçirilib.
Trend təşkilatın yaydığı məlumata istinadən xəbər verir ki, tədbirdə Səudiyyə Ərəbistanında yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri və İƏT-in Baş Katibliyinin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın inkişafı və potensialının vizual təqdimatı ilə çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi və "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov Bakının ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib.
E.Əmirbəyov qeyd edib: "Biz iştirak etdiyimiz əhəmiyyətli bir beynəlxalq layihənin dəstəyini almaq üçün buradayıq. "Expo 2025" Ümumdünya Sərgisinin Bakıda keçirilməsi arzusu Azərbaycanın uzunmüddəti baxışına və ölkənin milli inkişaf strategiyasına uyğundur. "Expo 2025"-in Bakıda keçirilməsi Azərbaycana uzunmüddətli strateji hədəflərin, o cümlədən regionların inkişafı, iqtisadiyyatın diversifikasiyası, təhsil, səhiyyə və məşğulluq sektoruna investisiya qoyulması yolu ilə insan kapitalının inkişafı kimi hədəflərin reallaşdırılması üçün misilsiz imkanlar açacaq".
Qeyd edək ki, Azərbaycan "Ехро 2025"-in keçirilməsi üçün öz namizədliyini irəli sürmüş yeganə İƏT üzvüdür.