...

Yunus Oğuz: Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər

Siyasət Materials 30 Mart 2018 14:03 (UTC +04:00)
Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər.
Yunus Oğuz: Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər

Bakı. Elçin Mehdiyev – Trend:

Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər. Trend-in məlumatına görə, bunu Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Y.Oğuz qeyd edib ki, hər dəfə dövlət əhəmiyyətli seçkilər keçiriləndə, yaxud xarici dövlətlərə məxsus olan hansısa təşkilatın Azərbaycanla bağlı illik hesabatı yaxınlaşanda bəzi, xüsusilə Avropa dövlətlərində yaşayan mühacirlərimizdən öyrədilmiş, ələ alınmış bir neçə nəfər sosial şəbəkələrdə daha da canfəşanlıq göstərir, aldığı qrant pulların yuyulması naminə tənqid əvəzinə dövlət, hökumət, seçkilər zamanı isə namizədlərə qarşı söyüş, təhqir üsullarından istifadə edirlər:

“Bu da səbəbsiz deyil. Bəllidir ki, mühacirlər bir neçə qismə bölünürlər. Birinci qisim sovet dönəmindən köç edən mühacirlər və onların övladlarıdır. Belələri müstəqil Azərbaycan dövlətinin nə olduğunu gözəl anlayır və müxtəlif təşkilatlar yaradaraq, yaxud da təkbaşına hökumət qurumları ilə fəal əməkdaşlıq edir, eyni zamanda lobbiçiliklə məşğul olurlar. İkinci qisim biznes fəaliyyəti ilə məşğul olan mühacirlərdir. Onlar da bizneslərini genişləndirmək üçün Azərbaycana sərbəst gəlib-gedə bilərlər. Üçüncü qisim mühacirlər hansısa səbəbdən burada yaşamaq istəməyən (bura sosial, iqtisadi, siyasi, psixoloji, mənəvi, dini və başqa səbəblər daxildir) və Azərbaycandan köç edənlərdir. Ən ziyanlısı isə müxtəlif təşkilatlar tərəfindən ələ alınmış, özünküləşdirilmiş, dövlətin əleyhinə hazırlanmış dördüncü qisim mühacirlərdir. Belə mühacirlər maşa rolunu oynayırlar. Bu maşaları bir neçə əl tutur və onlar həm daxildən, həm də xaricdən idarə olunurlar”.

Onun sözlərinə görə, elə ki, dövlətimizin yürütdüyü siyasət, yaxud seçkilər zamanı maşa sahiblərinin xoşuna gəlmir, bu zaman sahibləri ocağın üstünə yeni neft tökür, alovlandırır, sosial şəbəkələrdə, yaxud əllərində olan kütləvi informasiya vasitələrindən istifadə edərək, ağızlarına və ağıllarına gələn hədyanlar danışır, təhqirlər edir, bununla da dövlət qurumlarına və onun başçısına təsir göstərmək istəyirlər:

“Bir maşa sahibinin məqsədi Azərbaycana siyasi təsir göstərmək, onların istəklərinə uyğun siyasi qərar verməyə nail olmaqdırsa, digər maşa sahibi iqtisadi marağına görə bu işə fəal qoşulur. Hansısa səbəbdən Azərbaycandan uzaqlaşan məmur və ya övladları əllərindən çıxan sərvətləri başqa dövlətlərin vasitəsilə geri qaytarmaq, yaxud yenidən sərvət yığmaq üçün özünü mövcud iqtidara düşmən sayır və başqa dövlətlərin köməyilə hakimiyyətə gəlmək istəyir. Üçüncü maşa sahibinin isə məqsədi Azərbaycanda oturub sadaladığım hər iki maşa sahibindən para almaq, burada maşa rolunu oynamaq istəyənləri bu işə cəlb etmək, onları hazırlamaq, sonra isə siyasi mühacir adı ilə xaricə göndərməkdir. Bu maşa rolunu oynayanlar üçün heç bir fərqi yoxdur ki, onlara pulu və əmri kim verir; erməni, ingilis, yoxsa rus? Onlar üçün fərq etmir, kimi söyürlər, təhqir edirlər; dövləti, vətəni, milləti, yaxud ayrı-ayrı fərdləri? Təki pul verilsin, şərait yaradılsın, söymək asandır. Amma düşünürəm ki, onların uzunmüddətli istifadəsi bu maşa sahiblərinə sərf etmədiyindən tezliklə xərclənib bitəcəklər”.

Y.Oğuz istisna etmir ki, maşa sahibləri bu maşa rolunu oynayanlardan birini öldürüb, suçunu Azərbaycan dövlətinin üstünə yıxa bilərlər və elan edərlər ki, tənqidə görə kimsə öldürüldü: “Hay-küy salmaq onların çoxdankı peşəsidir. Ancaq bununla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti