...

Ombudsmanın və BDU-nun birgə təşkilatçılığı ilə soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib (FOTO)

Siyasət Materials 31 Mart 2018 17:29 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib.
Ombudsmanın və BDU-nun birgə təşkilatçılığı ilə soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib (FOTO)

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Trend-in məlumatına görə, həmin tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin beş dildə çap olunan “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub.

Tədbirdə Ombudsman Elmira Süleymanova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah Heydərov, Milli Məclisin komitə sədrləri Əli Hüseynli və Siyavuş Novruzov, Milli Məclisin bir sıra deputatları, dövlət və hökumət nümayəndələri, hüquq ictimaiyyətinin təmsilçiləri, xarici ölkələrin nüfuzlu alimləri, ali təhsil müəssisələrinin, QHT və media qurumlarının rəhbərləri iştirak edib.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ombudsman Elmira Süleymanova erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə mühüm işlər həyata keçirildiyini, silsilə tədbirlərin təşkil olunduğunu vurğulayıb.

Eyni zamanda diqqətə çatdırılıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də qeyd edilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İlinin elan olunması olduqca əhəmiyyətlidir.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmış, beləliklə təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir.

O, Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixinə, tarixi həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirdiyini söyləyib.

Müvəkkil vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev 2014-cü ilin mayında Şanxayda keçirilmiş “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı”ndakı çıxışında demişdir ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir, Azərbaycan özü terrorizmin qurbanı olub. O, ölkə Prezidentinin AMEA-da alimlərlə görüşü zamanı ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoyduğunu bildirib.

Ölkə başçısının müvafiq Sərəncamında Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmiş və dünən keçirilən həmin iclasda Parlament tərəfindən mühüm bəyanat qəbul edilmiş, beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə göndərilib.

E.Süleymanova Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər Azərbaycanlılara qarşı soyqırımlar haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Ombudsman Azərbaycan, fransız, ingilis, rus və türk dillərində nəşr edilmiş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının önəmindən bəhs edərək, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən, hazırda da Ermənistan Respublikası tərəfindən davam etdirilən beynəlxalq cinayətlərə mühüm universal və regional beynəlxalq hüquqi normaların təhlili əsasında hüquqi qiymətin verilməsi baxımından dəyərli bir əsər olduğunu vurğulayıb. Müəllif öz tədqiqatında terrorçuluq cinayətini beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edən bir əməl kimi təhlil etmiş, ermənilərin azərbaycanlılara qarşı terrorçuluq hərəkətlərini üç aspektdən – beynəlxalq hüququn prinsiplərinin pozuntusu, törədilmiş beynəlxalq cinayətlərlə qarşılıqlı əlaqədə olan ictimai-təhlükəli əməl və sadəcə terrorçuluq cinayəti kimi nəzərdən keçirib.

Müvəkkil bildirmişdir ki, beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı və daha sonrakı dövrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Son dövrlər dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı gününü tanıyan qətnamələr qəbul edib. Artıq 15 dövlətin parlamentləri ermənilər tərəfindən 26 fevral 1992-ci il tarixdə törədilmiş Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımış, habelə ABŞ-ın 22 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub.

Daha sonra tədbirdə çıxış edən rəsmi şəxslər, millət vəkilləri, respublikamızın və xarici ölkələrin ali təhsil müəssisələrinin nüfuzlu alimləri və başqaları erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı törətdikləri cinayətlərin ağır nəticələrindən danışıb, təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər.

Tədbirdə kitabın müəllifi, professor Əmir Əliyev kitabın ərsəyə gəlməsinə və bu tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Ombudsmana minnətdarlığını bildirib, Müvəkkilin təşəbbüsü ilə Universitetdə insan hüquqları üzrə yeni kadrların hazırlanmasına, yeni fənlərin tədrisinə başlanıldığını, İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının yaradıldığını qeyd edərək, uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti