...

Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq

Siyasət Materials 18 Aprel 2018 15:14 (UTC +04:00)
Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq.
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq

Bakı. Trend:

Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır".

İlham Əliyev əlavə edib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir".

Prezident bildirib ki, bu gün Ermənistan dalan ölkəyə çevrilib: "Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.

Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir.

Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti