Bakı. Elçin Mehdiyev - Trend:
Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) korrupsiya məsələsinə dair son hadisələr göstərir ki, artıq bu təşkilatı azadlıq, demokratiya və ədalət idarə etmir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib: "AŞPA sessiyasından sessiyasına istər-istəməz məndə belə bir sual yaranır ki, biz hara gedirik? AŞPA bu cür davranışları, manipulyasiyaları, bəzi şeylərin şişirdilməsi, digərlərinə isə göz yumulması ilə hara gedir? Zaman keçdikcə təşkilatın fəaliyyətində vaxtilə əsaslandığı qaydalar və prinsiplərə əməl olunmur. Korrupsiya məsələsinə dair son hadisələr azadlıq, demokratiya və ədalətin artıq bu təşkilatı idarə etmədiyinin bariz nümunəsidir. Bizim AŞPA-dakı işimiz və fəaliyyətimiz şayiələrə deyil, hər zaman gerçək faktlara əsaslanıb, hər hansı sənədin və ya hesabatın əvvəlində bəyan etdiyimizi onun sonunda heç zaman inkar etməmişik".
Millət vəkili deyib ki, sözügedən hesabatda məntiq və ciddi yanaşmanın olmaması belə bir təsəvvür yaradır ki, Azərbaycana qara yaxmaq, onu bu təşkilatın gerçək gündəmindən kənarda qoymaq məqsədi güdülür:
"Bilmək istəyirəm ki, bu cəhdlər nəyə yönəlib? - Azərbaycanı öz demokratiya yolundan döndərməyə? - Azərbaycanın radikallaşmasını istəyirsiz? - Dəyərlərimizi dəyişdirməyə? Cavab olaraq isə “yox” deyirik! Sizi əmin edirəm ki, bu, heç zaman baş verməyəcək. Bütün cəhdləriniz əbəsdir. Azərbaycan heç zaman öz demokratiya yolundan dönməyəcək! Bütün bu hiyləgər oyunlara, təzyiq və ədalətsizliyə baxmayaraq, biz demokratiya dəyərlərinə və AŞPA-nın imicinin sürətlə dəyişməsinə baxmayaraq, bu təşkilata sadiqliyimizi qoruyub saxlayacağıq. Biz müzakirə olunan hesabat ideyasına və bu təşəbbüsə açığıq, çünki korrupsiya şərdir. Lakin bu hesabatın hazırlanma tərzi qəbuledilməzdir!"
Deputat hesab edir ki, hesabat real faktlara əsaslanmır:
"Əgər bir nəfər başqasını ittiham edirsə, mütləq faktlar və dəlillər göstərməlidir. Bu gün mən təkcə öz adımdan deyil illərdir səsini dinləmək istəmədiyiniz bütün Azərbaycan xalqının adından danışıram. Sizlər bu illər boyunca bizim səsimizə kar olmusunuz. Biz torpaqlarımızın digər AŞPA üzvü olan Ermənistan tərəfindən işğal edildiyini deyirik, bizi eşitmirsiniz. Bu səs ədalətin və haqqın səsidir. Əgər həqiqət əvəzinə siz yalnız istədiyinizi eşitmək istəyirsinizsə, o zaman bu təşkilatda ədalət və şəffaflıq böyük sual altındadır və AŞPA-nın imicinə və etibarlılığına ciddi zərbə vurur".