...

ABŞ-ın Klivlend şəhərinin meri 28 may tarixini Azərbaycan Günü elan edib (FOTO)

Siyasət Materials 26 May 2018 01:32 (UTC +04:00)
Ohayo ştatının Klivlend şəhərinin meri Frenk G. Cekson Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümünün qeyd olunması ilə əlaqədar olaraq rəsmi bəyannamə verib
ABŞ-ın Klivlend şəhərinin meri 28 may tarixini Azərbaycan Günü elan edib (FOTO)

Bakı. Trend:

Ohayo ştatının Klivlend şəhərinin meri Frenk G. Cekson Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümünün qeyd olunması ilə əlaqədar olaraq rəsmi bəyannamə verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, F.Cekson Klivlend şəhərinin vətəndaşları adından Klivlend şəhərində 2018-ci ilin 28 may tarixini Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyini elan etməkdən qürur duyduğunu bildirir.

Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Sənəddə vurğulanır ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edib.

Bəyannamədə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Sonda qeyd olunur ki, Klivlend müxtəlif millətlərin yaşadığı şəhərdir və burda yaşayan Azərbaycanlı vətəndaşlarının töhfəsi yüksək qiymətləndirilir və təqdir olunur.

Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və Klivlend şəhərində yaşayan bir çox Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edəcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilir.

Şəhərin meri F. Cekson bəyannamədə 2018-ci il 28 may tarixini Klivlend şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi münasibətilə Azərbaycan Günü bəyan edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti