...

Milli Məclisin sədri Oqtay Əsədov Çində görüşlər keçirib

Siyasət Materials 21 İyun 2018 13:10 (UTC +04:00)
Çin Xalq Respublikasında səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub.
Milli Məclisin sədri Oqtay Əsədov Çində görüşlər keçirib

Bakı. Trend:

Çin Xalq Respublikasında səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub.

Məclis Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, burada partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı roluna dair eksponatlar saxlanılır.

Milli Məclis sədrinin partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən iqtidar partiyaları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimiz qarşılıqlı faydalı şəkildə inkişaf edir.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış olub. Bildirilib ki, 1420-1912-ci illərdə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərmiş bu tarixi abidə dünyada ən böyük saray kompleksi hesab olunur. Ənənəvi Çin memarlığı üslubunda inşa olunan, 990-a yaxın tikilidən ibarət olan saray kompleksi UNESCO-nun Bəşəriyyətin Maddi İrs Siyahısına daxil edilib.

Azərbaycan parlamentinin nümayəndə heyəti İmperator sarayını gəzib, kompleksin müxtəlif hissələri ilə tanış olub.

Həmin gün Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb.

Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin olduğunu bildirən Li Canşu qədim İpək Yolunun hər iki xalqı sıx tellərlə bir-birinə bağladığını deyib. O, ölkələrimiz arasında əlaqələrin hazırda yüksək səviyyədə olduğunu bildirərək, bu münasibətlərin xalqlarımızın maraqlarına söykənərək qarşılıqlı faydalı şəkildə genişləndiyini diqqətə çatdırıb.

İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı dövlət başçılarının ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiklərini məmnunluqla xatırladıb.

Li Canşu bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanmasını yada salaraq, bu qələbənin Azərbaycan xalqının ona olan böyük etimadının göstəricisi olduğunu deyib. Əmin olduğunu bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran Li Canşu ölkəsinin Azərbaycanın inkişafına sevindiyini və bu inkişafı dəstəklədiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, deputatlar Əliağa Hüseynov, Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti