...

Əli Həsənov: Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir (FOTO)

Siyasət Materials 20 İyul 2018 20:04 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əli Həsənov: Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 162 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib elan olunub".

V.Səfərli qeyd edib ki, Fond 9 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun sözlərinə görə, indiyədək dövlət tərəfindən mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayrılıb və bu vəsait əsasən çap mediasının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib.

Tədbirdə çıxış edən Əli Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm bir mərhələsini qeyd edir: “Biz bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin mühüm bir mərhələsini təşkil edir. Düzdür, bizim dövlətçilik tariximiz heç də 100 il bundan əvvəl başlamır, Azərbaycanın dövlətçilik tarixi 1000 ildən artıqdır. Biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən Azərbaycan mediasının da bayramını qeyd etməyi unutmuruq. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən bir az da irəli gedir. Bildiyiniz kimi, 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı, Azərbaycan xalqının maariflənməsində, təhsilin inkişafında və sonrakı inkişafında önəmli xidmətləri olmuş Həsən bəy Zərdabinin bilavasitə təşəbbüsü ilə “Əkinçi” qəzeti yaranıb”.

PA rəsmisi qeyd edib ki, “Əkinçi”yə gələn yol uzunmüddətli milli, mədəni, mənəvi inkişafın nəticəsi idi: “Azərbaycan Rusiya imperiyasının tərkibində olan zaman Azərbaycan xalqının maariflənməsini heç də istəmirdilər və “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərdi. Qəzetin fəaliyyətini dayandırmasında yenə bizim azərbaycanlı olmağımız, müsəlman olmağımız, türk olmağımız öz sözünü dedi, rolunu oynadı. O zaman Rusiya və Osmanlı müharibəsi başladı. Belə bir şəraitdə, əlbəttə, Həsən bəy Zərdabinin başçılıq etdiyi “Əkinçi” qəzetində türkə təəssüf hissi müşahidə edilirdi və bu səbəbdən ermənilər tərəfindən çar Rusiyasına müəyyən danoslar yazıldı və qəzetin bağlanmasına rəvac verildi. Ancaq “Əkinçi”nin bağlanması ilə Azərbaycan mediası öz inkişafını dayandırmadı. “Əkinçi” məktəbində formalaşan ziyalılar Azərbaycan mediasının sonrakı inkişafına öz dəstəklərini verdilər”.

Ə.Həsənov qeyd edib ki, Üzeyir Hacıbəyovun təsis etdiyi “Azərbaycan” qəzeti, eləcə də ilk baş redaktorunun Əlimərdan bəy Topçubaşov olduğu “Kaspi” qəzeti Azərbaycan mediasının inkişafında çox böyük xidmətlər göstərib.

PA rəsmisi vurğulayıb ki, AXC süquta uğrayandan sonra Azərbaycan Sovet İttifaqı tərkibinə daxil oldu: “O zaman sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli-mənəvi dəyərlərimizi, maarifçiliyimizi və digər dəyərlərimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin birinci dövründə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi həmin dövrdə Azərbaycan mediasının inkişafına öz təkanını verdi”.

Ə.Həsənov bildirib ki, müstəqillik dövründə, 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqillik aktını qəbul edəndən sonra artıq Azərbaycan ərazisində müstəqil media nümunələri yaranmağa başladı: “1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması - Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabi hansı xidməti göstərmişdisə, ümummilli liderin qəbul etdiyi bu qərar da sözün həqiqi mənasında o qədər böyük əhəmiyyətə malik idi. O dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir, Azərbaycan jurnalistlərinin səsi nəinki ölkəmizdən, dünyanın bütün media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralistik cəmiyyət siyasətinin önəmli rolu var".

Ə.Həsənov bildirib ki, Azərbaycanda dövlət tərəfindən azad medianın inkişafına, jurnalistlərin sosial-məişət problemlərinin həllinə lazımi dəstək və qayğı göstərilir.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında olan münasibətlərdən danışıb: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Biz bir millət, iki dövlətik. Azərbaycan jurnalistlərinin Milli Mətbuat Günü bizim də bayramımızdır”.

Mərasimdə “Anadolu yayınları”nın rəhbəri Sinan Burhan “Fəxri diplom”la təltif olunub.

Tədbir bədii hissə ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti