...

Koreya parlamentinin yeni sədri Azərbaycanla əlaqələrin daha da inkişaf etməsinə çalışacaq (FOTO)

Siyasət Materials 27 Avqust 2018 11:19 (UTC +04:00)
Koreya parlamentinin yeni sədri Azərbaycanla əlaqələrin daha da inkişaf etməsinə çalışacaq.
Koreya parlamentinin yeni sədri Azərbaycanla əlaqələrin daha da inkişaf etməsinə çalışacaq (FOTO)

Bakı. Trend:

Azərbaycanın Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov Koreya Parlamentinin sədri Mun Hi-sanq ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı R.Teymurov M.Hi-sanqı Koreya Parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Səfir Azərbaycan və Koreya arasında mövcud əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətinə toxunaraq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu dilə gətirib.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində həmçinin yüksək səviyyəli səfərlərin əhəmiyyətli olduğunu qeyd edərək, 2017-ci ildə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Koreyaya rəsmi səfərinin qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib, M.Hi-sanqın Koreya Parlamentinin sədri kimi fəaliyyəti dövründə Azərbaycana səfərinin arzu edildiyini qeyd edib. Bununla yanaşı, R.Teymurov 2018-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini və bu çərçivədə bir sıra dövlət əhəmiyyətli tədbirlərin keçirildiyini söyləyib.

Koreya Parlamentinin sədri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, hər iki xalqın tarixində və mədəniyyətində mövcud olan bu kimi vacib hadisələrlə bağlı keçirilən müxtəlif tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında və anlamasında əhəmiyyətli rol oynadığını söyləyib. M.Hi-sanq ötən illər ərzində Azərbaycan və Koreya arasında əlaqələrin inkişaf etdiyini və xüsusilə qanunverici orqanlar arasında intensiv təmasların mövcud olduğunu təsdiq edib və parlamentin yeni sədri olaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə çalışacağını bildirib. O, Azərbaycanda səfərdə olmuş deputat həmkarlarından, xüsusilə Koreya-Azərbaycan parlament əlaqələr üzrə dostluq qrupunun üzvlərindən ölkəmiz haqqında xoş təəssüratlar duyduğunu dilə gətirib.

Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasında yaranmış mövcud siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti