...

Ekspert: Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində RF-Azərbaycan münasibətlərinin yaxınlaşması barədə mühüm mesaj verdi

Siyasət Materials 5 Dekabr 2018 15:10 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Bakutel 2018" beynəlxalq sərgisində "Rossiya-24" telekanalına kiçik müsahibəsində böyuk mətləblərə toxundu.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, cənab Prezident bu müsahibəsində bir çox mesajlar verib: "Buna Azərbaycanın inkişaf konsepsiyasının bəzi ideya prinsiplərinin nümayişi də demək olar. Neftin dünya qiymətlərinin çox dəyişkən olduğu indiki şəraitdə davamlı inkişafı təmin etmək üçün qeyri-neft sektorunun nə qədər vacib olduğu barədə Prezidentin fikri bu baxımdan tutarlı nümunələrdən biridir. Neft sektoru ilə müqayisədə qeyri-neft sferasının yeni iş yerləri yaratmaqda daha böyuk imkanlara malik olması barədə fikir müasir böhranlardan rifaha çıxış yolları axtaran xalqlar və dövlətlər üçün dəyərli ola bilər. Ən maraqlı fikirlərdən biri yeni iş yerlərinin yaradılmasının iqtisadi və demoqrafik inkişafa uyğunlaşdırılması ilə bağlıdır. Prezident bununla yeni iş yerlərinin yaradılması konsepsiyasının iki mühüm və zəruri hədəfini göstərdi. Birincisi, cəmiyyətin indiki nəslinin işlə təminatını fasiləsiz prosesə çevirmək, ikincisi isə sabahkı insanlarımızın əmək qabiliyyətli həddə çatdığı an üçün hazır iş yerləri yaratmaq. Prezident 20-30 il sonrakı insanlar üçün iş yerlərindən danışanda məhz bu məqamı nəzərdə tutdu".

A.Quliyev qeyd edib ki, əhalinin artım sürəti ilə gələcək rifahını bir-birinə daim uyğunlaşdırmaq müasir dünya liderlərini düşündürən ən aktual problemlərdən biridir:

"Əlbəttə, burada söhbət xalqın sabahını təbii axarın ixtiyarına buraxan ölkə rəhbərlərindən yox, idarə olunan proses çərçivəsində görən əsl liderlərdən gedir. 20-30 il sonrakı nəslimizin öz zamanında işlə təmin olunması üçün zəruri fundament bu gün yaradılmalıdır və prosesin məhz bu istiqamətdə getdiyini Prezident "Rossiya-24"ün tamaşaçılarına aydın şəkildə göstərdi. Həm də təkcə onlara yox. Azərbaycana gələn turistlər arasında rusların üstünlük təşkil etdiyi barədə fikrə də sadəcə statistika həvəskarlarının marağına cavab verən fakt kimi baxmaq olmaz. Prezident burada strateji relslər üstündə dönməz hərəkət sürəti almış Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması barədə mühüm bir mesaj verdi. Mesajın mahiyyəti budur ki, münasibətlər təkcə hökumətlər səviyyəsində yox, həm də cəmiyyətlər və insanlar arasında, iqtisadi, siyasi, humanitar, mədəni və əlbəttə ki, turizm sahəsində yaxınlaşır".

Ekspert bildirib ki, regionumuzdakı geosiyasi proseslərin bəzi istiqamətlərini xatırlasaq, burada düşmən Ermənistana verilən mesajın tam ağırlığını duymaq mümkündür: "Rusiyadan qopa, Qərbə birləşə bilməyən Ermənistanın indiki ümidsiz vəziyyətində bu mesajların nə qədər təsirli olduğunu bilmək lazımdır. Rusiya dövlətinin regionda ən etibarlı tərəfdaş kimi Azərbaycanı görməsinin ardınca rus turistlər də ən rahat, ən təhlükəsiz ölkə kimi Azərbaycanı seçirlər. Ermənistanda rus millətindən olanların ətrafında düşmən obrazı yaradıldığı, hətta rusların bir erməni qadınının qətlində ittiham edildiyi vaxtda rus turistlər ən rahat ölkə kimi Azərbaycana axışırlar. Prezident Əliyevin mesajındakı ağırlıq məhz bu fərqi aydın göstərməsindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti