Bakı. Elçin Mehdiyev - Trend:
Nə qədər ki, İlham Əliyev Azərbaycana rəhbərlik edir, ölkəmiz inkişaf edəcək, növbəti illərdə daha böyük uğurlar qazanacaq.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi” kitabının və eyniadlı filmin təqdimat mərasimində çıxışı zamanı deyib.
Ə.Əhmədovun sözlərinə görə, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın uğurları, nailiyyətləri o qədər böyük və əzəmətlidir ki, Azərbaycan və İlham Əliyev sözləri indi bir-biri ilə eyniyyət təşkil edir:
“Azərbaycanı İlham Əliyevsiz, İlham Əliyevin həyata keçirdiyi siyasətdən kənarda təsəvvür etmək çox çətindir. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycanın möhtəşəm nailiyyətlərini, əslində isə Azərbaycan möcüzəsini, bütövlükdə Azərbaycanın inkişafını müasir dünyanın ən böyük siyasi layihələrindən biri hesab etmək mümkündür. XX əsrin 90-cı illərinin əvvəlində hərtərəfli böhranın məngənəsində sıxılan Azərbaycan çox qısa bir vaxtdan sonra, artıq XXI əsrin əvvəllərində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildi. Bunu möcüzədən başqa bir ifadə ilə təsvir etmək qeyri-mümkündür. Azərbaycanın hansı sahəsinə diqqət yetirsək, burada böyük bir irəliləyiş, böyük bir nailiyyət olduğunu görmək mümkündür. Məsələn, Azərbaycan iqtisadiyyatının bu illər ərzində 3 dəfədən çox artması, XXI əsrin əvvəlində Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyada birinci yer tutması və bir neçə il ardıcıl olaraq bu statusunu saxlamasını qeyd etmək kifayətdir ki, Azərbaycan möcüzəsinin miqyası göz önündə bütünlüklə canlana bilsin. Hesab edirəm ki, son 15 il ərzində Azərbaycanda 2 milyona yaxın yeni iş yerinin açılması da Azərbaycan möcüzəsinin digər bir aspektini ifadə edir. Azərbaycan iqtisadiyyatının digər sahələrini də əhatə edən əzəmətli nailiyyətlər Azərbaycan möcüzəsinin digər parametləridir”.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın simasının köklü surətdə dəyişməsi, Azərbaycanın tanınmaz dərəcədə yeniləşməsi, modernləşməsi, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər də Azərbaycan möcüzəsinin bir tərəfini təsvir etməklə qürur mənbəyimizə çevrilib: “Çox sevindirici haldır ki, əhalisinə və ərazisinə görə kiçik olan Azərbaycan bu gün dünyada öz miqyasından əhəmiyyətli dərəcədə böyük görünür. Azərbaycan dünyanın humanitar, siyasi və digər mənalarda ifadə oluna biləcək mərkəzlərindən birinə çevrilib. Azərbaycanda çox əlamətdar humanitar, idman, siyasi tədbirlər keçirilir və bu da Azərbaycanın artıq dünyanın mərkəzlərindən birinə çevrildiyini göstərir. Enerji, kommunikasiya anlayışlarını da bura aid etsək, Azərbaycanın, sözün həqiqi mənasında dünyanın çox möhtəşəm, mötəbər mərkəzlərindən birinə çevrildiyini ifadə etmək mümkündür”.
Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan sözün əsl mənasında özünün qızıl əsrini yaşamaqdadır:
“Azərbaycanın inkişafı, möcüzələri, tərəqqisi insanlarımızın məmnunluğunu artırıb. Bu gün Azərbaycan vətəndaşı öz həyatından məmnundur. Azərbaycanın qızıl əsri uzun illər davam edəcək və təbii ki, bu qızıl əsrin başlıca müəllifi Heydər Əliyev siyasətini uğurla həyata keçirən İlham Əliyevdir. 15 ilin nailiyyətləri Azərbaycan vətəndaşlarında belə bir inamı qəti surətdə formalaşdırıb ki, Azərbaycan bundan sonra da taleyini Heydər Əliyev siyasəti ilə və bu siyasəti uğurla həyata keçirən İlham Əliyevlə bağlamalıdır. Bu siyasət və bu siyasəti həyata keçirən İlham Əliyev Azərbaycana uğur gətirir. Dövlət başçısının uğuru təkcə onun həyata keçirdiyi siyasətdə deyil, eyni zamanda niyyətlərindədir. İlham Əliyevin Azərbaycanda 15 il ərzində əldə etdiyi nailiyyətlərin çox mühüm fundamental əsaslarından biri Heydər Əliyev siyasəti ilə bağlıdırsa, digər əsaslarından biri İlham Əliyevin şəxsi keyfiyyətləri ilə bilavasitə əlaqədardırsa, başqa bir səbəbi də İlham Əliyevin bu uğurları, bu inkişafı ürəkdən istəməsi, yəni niyyətinin bu uğurlarla eyniyyət təşkil etməsidir. Bütün bunları ümumiləşdirərək məmmunluq hissi ilə demək istəyirəm ki, nə qədər İlham Əliyev Azərbaycana rəhbərlik edir, Azərbaycan inkişaf edəcək, növbəti illərdə daha böyük uğurlar qazanacaq”.