...

Deputat: Böyük qəhrəmanlıqlar göstərmiş şəhid polislərimizin vərəsələrinə də birdəfəlik müavinətlərin verilməsi çox mühüm addımdır

Siyasət Materials 31 Yanvar 2019 10:49 (UTC +04:00)
Böyük qəhrəmanlıqlar göstərmiş şəhid polislərimizin vərəsələrinə də birdəfəlik müavinətlərin verilməsi çox mühüm addımdır
Deputat: Böyük qəhrəmanlıqlar göstərmiş şəhid polislərimizin vərəsələrinə də birdəfəlik müavinətlərin verilməsi çox mühüm addımdır

Bakı. Samir Əli - Trend:

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda şəhid ailələrinə diqqət, qayğı göstərilib. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, şəhid ailələrinə həmin vaxtdan başlayan diqqət və qayğı bu gün də yüksək səviyyədə davam etdirilir:

"2003-cü ildən də cənab Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial durumunun yaxşılaşdırılması üçün çoxsaylı fərman və sərəncamlar verib. Bununla cənab Prezident bəyan edir ki, Azərbaycan dövlətinin siyasətində bütün vətəndaşların maddi rifahının, sosial durumunun yaxşılaşdırılması əsas götürülür. Xüsusilə də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları, hərbçi ailələri, qaçqın və məcburi köçkünlərinə göstərilən qayğı və diqqət göz qabağındadır. Yəni mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müavinətlərin, təqaüdlərin verilməsi buna sübutdur. Cənab Prezidentin, həmçinin bu prosesdə şəhid polislərimizin ailə üzvlərinə birdəfəlik müavinətlərin verilməsi ilə bağlı sərəncam imzalaması çox mühüm addımdır. Çünki hələ Azərbaycan Ordusu formalaşmazdan əvvəl Azərbaycan polisi torpaqlarımızın müdafiəsində böyük qəhrəmanlıqlar göstərib, çoxsaylı şəhidlərimiz olub".

O qeyd edib ki, dövlət başçısının 2019-cu il 30 yanvar tarixli fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilməsi də şəhid ailələrinə diqqət və qayğının növbəti təzahürüdür.

Millət vəkilinin sözlərinə görə, bütün bunlar bir daha təsdiqləyir ki, xalq hakimiyyət üçün deyil, hakimiyyət xalq üçündür: "Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti xalqımızın sosial rifahının yüksəlməsi üçün nə mümkündürsə, onu da edir. Verilən sərəncamlar, fərman və tapşırıqlar bunu bir daha sübuta yetirir".

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti