Bakı. Trend:
Bu il ən azı 30 min ictimai iş yaradılacaq ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsun və maaş alsınlar.
Trend-in məlumatına görə, bunu Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Görüşdə çıxış edən dövlətimizin başçısı qeyd edib: “Bu gün Beyləqan rayonunda çox əlamətdar bir gündür. Beyləqanda Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl idman mərkəzidir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Bu mərkəzin həm xarici görünüşü, həm də daxili tərtibatı çox gözəldir. Məşq zalları, cüdo, güləş, boks üzrə xüsusi məşq zalları, üzgüçülük hovuzu, böyük idman salonu, stadion. Eyni zamanda, bu mərkəzdə 50 nəfərlik otel də yerləşir. Beləliklə, Beyləqana gələn qonaqlar burada rahat qala bilərlər.
Bu mərkəzin yaradılması bizim idman siyasətimizin təzahürüdür, onu göstərir ki, doğrudan da Azərbaycan idman dövlətidir. Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq. Deyə bilərəm ki, bu Olimpiya İdman Kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldıracaqlar”.
Prezident bildirib ki, bütün bölgələrdə bu istiqamətdə işlər gedir: “Bu il əlavə iki Olimpiya İdman mərkəzinin açılışı gözlənilir. Yəni, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar.
Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. Bölgələrdə bu şərait yaradılır ki, idmançılar, gənclər idmanla məşğul olsunlar. Əminəm ki, rayon sakinləri də bu imkanlardan istifadə edəcəklər. Çünki hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəhnidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məişətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik. Bizim görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, dünya çempionlarımız,- onlardan biri bu gün burada iştirak edir,- bizim fəxrimizdir. Onlar gənclər üçün gözəl nümunə göstərirlər”.
İlham Əliyev vurğulayıb ki, gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar: “Mən görürəm, Beyləqan idmançılarının medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmısınız. Beyləqanda çox güclü güləş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımi addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu demək olar ki, bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir”.
Dövlət başçısı deyib ki, Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir: “Misal üçün, indi Beyləqan rayonunda qazlaşdırmanın səviyyəsi 97 faizdir. Yaxın zamanlarda bu, 100 faizə çatacaq. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl qaz təchizatı çox aşağı səviyyədə idi, bu, çox böyük göstəricidir. Bu gün fəaliyyətə başlayacaq yeni yarımstansiya Beyləqan rayonunun elektrik enerjisi ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaq və bu sahədə də heç bir problem olmayacaq.
Bu gün biz yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilmişdir. Bunlar daha da geniş miqyasda icra edilməlidir. 2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı. İndi isə kanalizasiya sisteminin yenidən qurulması, təmizləyici qurğuların quraşdırılması prosesi gedir. Yəni, bütün əsas infrastruktur layihələri icra edilir”.
İlham Əliyev əlavə edib ki, sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir: “Beyləqanda üç aqropark yaradılıbdır. Vətəndaşlar orada çalışırlar, işləyirlər. Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir. Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq. Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar.
Yəni, rayonun inkişafı ilə bağlı ardıcıl siyasət aparılır. Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 çarpayılıq mərkəzi rayon xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalılar kəndində yerləşən məktəb uyğunlaşdırılmış binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş veriləcək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər, Gənclər Mərkəzi fəaliyyət göstərir. Yəni, bir sözlə, rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub yaradacaq, ümumi işimizə töhfə verəcəklər.
Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İdmançılara yeni uğurlar, yeni qələbələr arzulayıram”.