Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan narkotiklərə qarşı dövlət səviyyəsində mübarizə aparır.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində üç dövlət proqramı uğurla icra edilib və 4-cü proqram hazırlanaraq cənab Prezident İlham Əliyevə təqdim edilib.
Baş nazirin müavini bildirib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurub: "Azərbaycan mühüm coğrafi mövqedə yerləşir və əsas problemlərdən biri də ölkəmiz vasitəsilə narkotiklərin daşınmasına edilən cəhdlərdir".
O deyib ki, Azərbaycanda müasir texnologiyalar vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır və son dövrlərdə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Ə.Həsənov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin əkilməsi, istehsalı və tranzit bazasının yaradılması, terrorçu qrupların yaradılması və onlara təlim keçərək digər ölkələrdə münaqişə zonalarına göndərilməsi təhlükənin miqyasının nə qədər böyük olduğunu göstərir və bunun təkcə region deyil, bütün dünya üçün ciddi təhdid yaratması aydın görünür.