...

Prezident İlham Əliyev: Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır

Siyasət Materials 22 Oktyabr 2019 21:06 (UTC +04:00)
Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.
Prezident İlham Əliyev: Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır

Bakı. Trend:

Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, hər il on minlərlə yeni iş yeri yaradılır:

"Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin.

Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, Baş Nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz.

Siz İqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmisiniz və bu Proqramın tərtibatında önəmli rol oynamısınız. Hesab edirəm ki, bu sahə daim diqqətinizdə olmalıdır. Eyni zamanda, siz bir sıra ikitərəfli hökumətlərarası komissiyaların Azərbaycan tərəfdən həmsədrisiniz. Bu sahədəki fəaliyyətinizi davam etdirməlisiniz. Mənim göstərişimlə bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmisiniz. Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixracyönümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır. Dövlət investisiyalarının məqsədyönlü olması haqqında mən öz sözlərimi dedim. İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti