...

Elmar Məmmədyarov: Azərbaycan Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir (FOTO)

Siyasət Materials 23 Oktyabr 2019 19:20 (UTC +04:00)
Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir.
Elmar Məmmədyarov: Azərbaycan Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir (FOTO)

Bakı. Trend:

Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir.

Trend-in məlumatına görə, bunu Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər Komitəsinin iclasında Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla, iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır:

"Bir neçə il əvvəl Azərbaycanda Fələstin Dövlətinə kömək məqsədilə, İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirildi. 2017-ci ilin iyul ayında Azərbaycanda Qüds məsələsinə dair BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsi üzrə Komitəsi, BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə Ofisi, İƏT və müxtəlif digər hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə beynəlxalq konfrans təşkil olundu. Konfrans Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edən möminlərə qoyulan məhdudiyyətləri pisləyən bir bəyanat qəbul etdi. Bu gün də, həmişə olduğu kimi, Fələstin xalqının yanındayıq.

Nazir xatırladıb ki, 2018-ci ilin noyabr ayında Fələstin rəhbərliyinin xahişi ilə Azərbaycan Fələstin Dövlətinin Asiyadakı səfirlərinin konfransına ev sahibliyi edib:

"Bildiyiniz kimi, 2018-ci ilin aprel ayında Qoşulmama Hərəkatı (QH) Troykası qaydasında Azərbaycanda "Davamlı inkişaf üçün beynəlxalq sülh və təhlükəsizliyin təşviqi" adlı 18-ci Aralıq Nazirlər Toplantısı keçirildi. Bu tədbir çərçivəsində QH Nazirlər Komitəsinin Fələstin üzrə iclası təşkil edildi. Yekun Bakı Bəyannaməsində pozuntulara tam son qoyulması üçün ciddi, kollektiv səy göstərməyə çağırışlar təkrarlandı.

Azərbaycan Respublikası həmişə çətin günlərdə Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir. Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə (UNRWA) 200 000 ABŞ dolları ayırmasıdır.

Biz, Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir. Buna görə Fələstin xalqına dəstəyimiz qəlbimizdən gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti