Bakı. Elçin Mehdiyev – Trend:
2020-ci il fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi istiqamətində irimiqyaslı tədbirlər davam edir.
Trend-in məlumatına görə, seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi məqsədi ilə Komissiya fevralın 1-dən etibarən növbəti əhəmiyyətli layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlayıb.
Seminarların başlıca hədəfi İT mütəxəssislərinin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə aydın və ətraflı məlumatlandırmaq, habelə sistem üzərindən tətbiq olunan proqram təminatlarından praktiki istifadə etməklə mütəxəssisləri maraqlandıran sualları əyani şəkildə izah etməkdən ibarətdir.
Layihənin mahiyyətindən irəli gələrək seminarlar çərçivəsində İT mütəxəssislərinə Milli Məclisə seçkilər günü seçicilərin fəallığı ilə yanaşı, səsvermənin nəticələri ilə bağlı protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına birbaşa ötürülməsi üçün xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləmək imkanı da yaradılır.
İT mütəxəssislərinin iş təcrübələri, peşəkar vərdişləri və praktiki biliklərinin gücləndirilməsi istiqamətində mühüm rol oynayan seminarlar fevralın 2-də öz işini yekunlaşdıracaq.