...

Hikmət Hacıyev: Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir

Siyasət Materials 12 Fevral 2020 11:21 (UTC +04:00)
Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir
Hikmət Hacıyev: Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir

Bakı. Trend:

Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın “John Batchelor Show” radioverilişinə müsahibəsində deyib.

O bildirib ki, qanunvericilik hakimiyyətinin icra hakimiyyəti ilə daha yaxşı koordinasiyasının təmin olunması üçün Azərbaycanda növbədənkənar seçkilər keçirildi:

“Bu seçkilərin təşəbbüskarı hakim partiya olub. Biz bu seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsi kimi qəbul edirik”.

O qeyd edib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər təşkilatlar seçkiləri müşahidə etmək üçün dəvət olunmuşdu.

Prezidentin köməkçisi qeyd edib ki, ilkin olaraq seçkilərdə iştirak etmək üçün həm partiya xətti ilə, həm də fərdi təşəbbüs əsasında 2 100 nəfərdən çox namizəd qeydə alınmışdı: “1 300-dən çox namizəd seçki prosesində iştirak edib və onlardan 21 faizi qadın olub. Bu prosesdə, həmçinin 19 siyasi partiya iştirak edib. Biz seçkilərə münasibətdə Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi gördük. Nəticədə bu parlament innovasiyalara, dördüncü sənaye inqilabına, dünyada baş verən rəqəmsal inqilaba daha da hazır olacaq. Azərbaycan bu sənaye inqilabına, həmçinin öz tərəfdaşlarının köməyi ilə hazırlaşır. Azərbaycan hökuməti də, qanunverici hakimiyyət də bu yeni çağırışa hazır olmalıdır. Amma biz bunu çağırışdan daha çox imkan kimi dəyərləndiririk”.

H.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin 2018-ci ildə təkrar seçilməsindən sonra hökumət qarşısında qoyulan prioritetlərdən biri Azərbaycan hökumətinin işinin səmərəliliyinin artırılması, eləcə də Azərbaycanın daha dayanıqlı və ardıcıl inkişafını təmin etmək, yeni çağırışlara hazır olmaq məqsədilə hökumətdə islahatların aparılması idi:

“Bunun nəticəsində biz Azərbaycan dövlət idarəçiliyində epoxal dəyişikliklərin şahidi olduq. Prezident Administrasiyası kimi strukturda dəyişikliklər aparıldı, yeni insanlar cəlb edildi. Nazirlər Kabinetinin tərkibində də dəyişikliklər edildi. Struktur və kadr dəyişiklikləri bir-birini tamamlayır, çünki hər bir islahat prosesində əsas amil bu islahatları həyata keçirən insanlardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti