...

Jalə Əliyeva: Vətəndaşlar koronavirusun nə qədər təhlükəli olduğunu anlamadığı üçün karantin tədbirləri bir az da sərtləşdirilməlidir

Siyasət Materials 14 Aprel 2020 20:42 (UTC +04:00)
Jalə Əliyeva: Vətəndaşlar koronavirusun nə qədər təhlükəli olduğunu anlamadığı üçün karantin tədbirləri bir az da sərtləşdirilməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlətimiz ilk gündən koronavirus pandemiyasının qarşısının alınması üçün bütün önləyici tədbirləri görür və bu tədbirlər davam etdirilməkdədir. Vətəndaşlar koronavirusun nə qədər təhlükəli olduğunu anlamadığı üçün karantin tədbirləri bir az da sərtləşdirilməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, vətəndaşların sağlamlığının qorunması, bu infeksiyaya yoluxmaması və yoluxmaların artmaması üçün ölkədə məqsədyönlü Tədbirlər Planı hazırlandı və həyata keçirilir:

"Bunun nəticəsidir ki, bu gün Azərbaycan digər dünya ölkələri ilə müqayisədə koronavirusa yoluxma və ölüm cədvəlində ən aşağı yerlərdən birində dayanır. Lakin görünən odur ki, bəlkə də vətəndaşlarımız görülən effektiv tədbirlərdən doğan bir rahatlıqla məhdudiyyətlərə, qadağalara bir o qədər də məsuliyyətlə yanaşmır. Azərbaycan vətəndaşları hələ bu bəlanın nə qədər təhlükəli olduğuna diqqət yetirmir. Hələ də vətəndaşlarımız karantin vaxtında küçələrdə gəzir, avtomobilləri ilə hərəkət edirlər. Çox təəssüflər olsun ki, vətəndaşlar qarşısındakı polis əməkdaşını və digər şəxsləri aldatdığını düşünür. Mən deyərdim ki, o şəxs birinci növbədə özünü, öz ailəsini aldadır. Çünki bu virus havada qalır, toxunduğumuz hər şeydə ola bilər, biz hər an o virusu evimizə gətirə bilərik. Polis və həkimlər gücləndirilmiş iş rejimində, gecə-gündüz işləyirlər. Vətəndaşlarımız sadəcə olaraq karantin qaydalarına əməl etməli, özləri, ailələri və yaxınları üçün evdə qalmalıdırlar".

Deputatın sözlərinə görə, karantin tədbirləri yəqin ki, bir az da sərtləşdirilməlidir:

"Vətəndaşlarımız inciməsin. Bugünkü vəziyyət elan olunmamış müharibə kimidir. Bu müharibədə bizim qarşımızdakı bəla gözəgörünməz, bütün dünyanı silkələməyə, lərzəyə gətirməyə qadir bir virusdur. Ona görə də insanlarımız çox diqqətli olmalıdırlar. Onlar bu problemin həllinin bizdən asılı olduğunu anlamalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti