...

Deputat: Ermənistanda koronavirus geniş yayıldığı üçün ermənilər Paşinyana lənətlər yağdırırlar

Siyasət Materials 12 İyun 2020 10:37 (UTC +04:00)
Deputat: Ermənistanda koronavirus geniş yayıldığı üçün ermənilər Paşinyana lənətlər yağdırırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Öz inkişafına və həyata keçirilən siyasətə görə əksər ölkələr üçün nümunə olan Azərbaycan dünyanı cənginə almış yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı addımlarla da müsbət mənada fərqlənir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, məlum olduğu kimi ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına ilk yoluxma faktı qeydə alınan andan etibarən Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün bütün resurslarını vətəndaşların sağlamlığının və həyatının qorunmasına, onların sosial müdafiəsinin təmin edilməsinə səfərbər edib:

“Hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, bu səhiyyə ocaqlarında ancaq koronavirus xəstələri müalicə olunurlar. Eyni zamanda belə bir vaxtda ölkəmizdə insanların sosial müdafiəsinin təmin olunmasına hesablanan genişmiqyaslı tədbirlər də reallaşdırılır. Bir sözlə, hər zaman olduğu kimi hazırda da, vətəndaşların sağlamlığı, onların sosial rifahı dövlətin diqqət mərkəzindədir və koronavirusla mübarizədə növbəti önəmli addım atılır. Elə iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı da deyilənləri təsdiqləyir”.

Deputat deyib ki, dövlət başçısının üç modul tipli xəstəxananın açılışındakı çıxışında bildirdiyi kimi dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib:

“Adambaşına testlərin sayına görə ölkəmiz qabaqcıl yerlərdədir. Onu da bildirim ki, bəzi inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı Azərbaycanda bu virusa yoluxanların sayından çoxdur.

Hətta əhalisinin sayı təxminən Azərbaycan əhalisinin sayı ilə eyni olan bəzi inkişaf etmiş ölkələr var ki, orada 10 minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 9 minə qədərdir”.

V.İskəndərov əlavə edib ki, digər sahələrdə Azərbaycandan dəfələrlə geri qalan işğalçı Ermənistanın bu məsələdə də nəyə “qadir olduğunu” bütün dünya gördü:

“Məlum olduğu kimi yürütdüyü işğalçılıq siyasəti ucbatından regiondakı bütün layihələrdən kənarda qalan Ermənistan aclıq və səfalət içərisində boğulur. Hazırkı komandnın səriştəsiz idarəçiliyi fonunda koronavirusla mübarizə sahəsində heç bir uğurlu addımın atılmaması isə Paşınyanın özünün də etiraf etdiyi kimi Ermənistanı cəhənnəmə çevirib.

İşğalçı ölkədə xəstəliyə yoluxanların sayı 13 min nəfəri keçib və testlərin sayı Azərbaycandan 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, o zaman bu yoluxmanın işğalçı ölkəni doğrudan da cəhənnəmə çevirdiyini deyə bilərik. Məhz bunun nəticəsidir ki, sadə ermənilər Paşinyan və onun komandasına lənətlər yağdırır. Beləliklə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlara görə Azərbaycan Prezidenti ölkə vətəndaşlarından gündə yüzlərlə təşəkkür məktubu alır, işğalçı ölkədə heç bir addım atılmadığı üçün Ermənistan rəhbərliyi hər gün öz vətəndaşlarından yüzlərlə lənət dolu çağırış eşidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti