...

Erməni vandallıqlarına beynəlxalq hüquqi qiymət verilməlidir - Naqif Həmzəyev

Siyasət Materials 24 İyul 2020 14:51 (UTC +04:00)
Erməni vandallıqlarına beynəlxalq hüquqi qiymət verilməlidir - Naqif Həmzəyev

Bakı. Trend:

"Artıq dünya birliyi də Ermənistanın beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyinin, sülh, atəşkəslə bağlı çağırışlara məhəl qoymadığının şahidi olur. İşğalçı dövlət sərhədboyu ərazilərdə kəndləri, hərbçilərimizin mövqeyini, mülki əhalini artilleriyadan atəşə tutur, insanları qətlə yetirir, yaşayış məntəqələrini dağıdır".

Bunu Trend-ə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, indiyədək Ermənistan ordusunun törətdiyi ağlasığmaz qəddarlıqlar nəticəsində minlərlə dinc azərbaycanlı həlak olub, kəndlər, qəsəbələr, taixi-mədəni abidələr viran edilib.

"Dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul etmir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. Bu da son günlər avantürist hakimiyyətin yürütdüyü məqsədyönlü və sistematik siyasətin daha da fəallaşmasına səbəb olub. Faşizm ideologiyasına köklənmiş Ermənistan beynəlxalq təşkilatların, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun məsələyə münasibətlərini görməzdən gəlir. İyulun 12-dən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın davamı olaraq artıq erməni təxribatçı qüvvələri Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı aqressiya, təxribatçı hücumlar nümayiş etdirirlər. Terorçu ölkənin bu hegemonluğu və beynəlxalq təşkilatların ikili standartları dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hiddətinə səbəb olub. Onlar yaşadıqları ölkələrdə etiraz aksiyaları keçirərək ermənilərin terror aktlarına, dinc əhalini qətlə yetirmələrinə son qoyulmasını tələb edirlər. Ermənilər yenə də faşist xislətini nümayiş etdirirlər".

N.Həmzəyev qeyd edib ki, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı təxribatlar törədilir, soydaşlarımıza qarşı qəddarlıq edirlər.

"Təssüflər olsun ki, bu hücumlar və təxribatçı hərəkətlər insan haqları və demokratiyanın mərkəzi sayılan dövlətlərdə Belçika, Fransa, Almaniya, ABŞ-da baş verir. Beynəlxalq konvensiyalara görə əslində sırf təhlükəsizlik məsələsi ilə bağlı məsuliyyət hadisənin baş verdiyi ölkələrin üzərinə düşür. Ermənilərin vandal və terrorçu hərəkətləri insidentin baş verdiyi dövlətlər tərəfindən kəskin şəkildə pislənməli, soydaşlarımıza qarşı zorakılıq faktları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq, konkret tədbirlər görülməlidir. Xatırlasaq ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatlarının vandal aktları nəticəsində xeyli dinc əhali qətlə yetirilib. Erməni terrorçuları, ümumilikdə, 22 ölkədə 235-dən çox terror aktı törədib və 24 türk diplomatını qətlə yetiriblər. Dünya birliyi bu ədalətsizliyə, işğalçı ölkənin insanlığa xas olmayan bu qəddarlığına susmamalı, öz münasibətlərini bildirməlidirlər. Erməni radikal qrupların vandallıqlarına dünya birliyində hüquqi qiymətin verilməməsi onların daha da fəallaşması ilə çox təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti