...

Səfir: Ermənistan hərbi avantürasının Azərbaycan qazının Avropaya tədarükündən bir neçə ay əvvəl baş verməsi təsadüf deyil

Siyasət Materials 27 İyul 2020 12:39 (UTC +04:00)
Səfir: Ermənistan hərbi avantürasının Azərbaycan qazının Avropaya tədarükündən bir neçə ay əvvəl baş verməsi təsadüf deyil

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi avantürasının Azərbaycan qazının Avropaya tədarükündən bir neçə ay əvvəl baş verməsi təsadüf deyil.

Azərbaycanın İtaliyadakə səfirliyindən Trend-ə verilən məlumata görə, bunu səfir Məmməd Əhmədzadə İtaliyanın tanınmış “Nodo di Gordio” beyin mərkəzi ilə “Vox Populi” tədqiqat mərkəzinin ənənəvi olaraq təşkil etdiyi XVII Dünya İqtisadiyyatı və Geosiyasətinə Baxış konfransının “Aralıq dənizində yeni tarazlıqlarda qaliblər və məğlublar” adlı bu ilki buraxılışı çərçivəsində “Avrasiya: enerji və mədəniyyətlər” adlı paneldəki videomüraciətində deyib.

Hər ilin iyul ayında 3 gün ərzində İtaliyanın Trentino Alto Adice regionunda keçirilən bu konfransda İtaliyanın və digər ölkələrin beynəlxalq iqtisadiyyat və geosiyasət sahəsində tanınmış mütəxəssisləri, siyasi-ictimai fikrə təsir edən xadimləri, parlamentarlar, diplomatlar, jurnalistlər, iri şirkətlərin rəhbər şəxsləri iştirak edirlər. Bu il pandemiyadan irəli gələn mövcud məhdudiyyətlər səbəbindən natiqlərin bir qismi tədbirdə videomüraciət formasında çıxış edib.

Azərbaycan diplomatı cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində ən yadda qalan məqamlar, COVİD-19-a qarşı mübarizədə ölkəmizin beynəlxalq təşəbbüsləri və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi son hərbi təxribatlar və bu təxribatların Avropanın enerji təhlükəsizliyinə təhdid olması barədə danışıb.

Cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya tarixi dövlət səfərinin Azərabaycan-İtaliya strateji tərəfdaşlığında yeni səhifə açdığını, səfər vaxtı keçirilmiş görüşlərin, təşkil olunmuş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də Azərbaycan Respublikası Prezidenti ilə İtaliya Respublikası Baş naziri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndirilmsinə dair Birgə Bəyannamə”nin iki ölkə arasında əlaqələrin hazırkı yüksək səviyyəsinin təcəssümü olması ilə yanaşı, növbəti illərdə strateji tərəfdaşlığın bütün sahələr üzrə daha da dərinləşdirilməsi üçün güclü əsas yaratdığını bildirib.

Azərbaycan və İtaliyanın bir-birinə yaxın dost ölkələr olduğunu, istər yaxşı, istərsə də çətin məqamlarda da bir-birinin yanında olduğunu da deyən diplomat pandemiya dövründə iki ölkənin bir-birinə humanitar, sosial və mədəniyyət sahələrində müxtəlif təşəbbüslərlə yaxınlıq və həmrəylik nümayiş etdirdiyini bildirib. Azərbaycanın qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi fəaliyyəti barədə də danışan diplomat, bu xüsusda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidentinin BMT-nin video konfrans formasında xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130 ölkə, o cümlədən İtaliya tərəfindən də dəstəkləndiyini qeyd edib.

Çıxışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları mövzusunda xüsusi dayanan diplomat, 30 ildir Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, torpaqlarımızın 20 faizinin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal edildiyini və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü bildirib.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi avantüranın işğal siyasətinin davamı olduğu və törətdiyi cinayətlərinə görə cəzalandırılmadığından irəli gəldiyini deyib. Ermənistanın bu avantürasının arxasında dayanan məkrli niyyət və məqsədlər barədə məlumat verən diplomat, bunun Ermənistan rəhbərliyinin həmin ölkədəki ağır daxili vəziyyətdən diqqəti yayındırmaq, Azərbaycanın yeni ərazilərini işğal etmək, məsələyə üçüncü tərəfləri cəlb etmək, strateji enerji və nəqliyyat infrastrukturunu hədəf almaqdan ibarət olduğunu bildirib. Ermənistanın hədəf aldığı Tovuz rayonunun Azərbaycanın və Xəzər dənizinin enerji resurslarının qərbə və dünya bazarlarına daşınmasını həyata keçirən bütöv infrastruktur, eləcə də Şərq və Qərbi birləşdirən önəmli dəmir yolu və avtomobil bağlantılarının, habelə Avropaya, xüsusilə də İtaliyaya təbii qazı tədarük edəcək, son hissəsi Trans Adriatik boru kəməri olan Cənub Qaz Dəhlizinin keçdiyi strateji bölgə olduğunu deyib. Diplomat Ermənistanın Azərbaycana qarşı hərbi avantürasının Azərbaycan qazının Avropaya tədarükünündən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını bildirib.

Çıxısının sonunda diplomat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu hərbi avantürası beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistanla təcavüzünə məruz qalan Azərbaycan arasında fərq qoyulmamasının nəticəsidir və beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistana öz təcavüz siyasətindən əl çəkməsi üçün güclü təzyiq göstərməyincə, bu ölkə cinayət əməllərini davam etdirəcəkdir, çünki cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti