Bakı. Trend:
İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskva yenə də təcavüzkar ölkəyə dəstək verib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın milli maraqlarını beynəlxalq aləmdə qətiyyətlə, prinsipiallıqla qoruyan dövlət başçımız İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı hazırkı mürəkkəb geostrateji vəziyyətdə milli maraqlarımızın qorunmasının strateji əhəmiyyətnin, aktuallığının vacibliyini önə çəkib.Ölkə Prezidentimiz Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu da Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Bütün dövlətlərlə, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdən Azərbaycanın milli maraqlarının qorunması baxımından vacib olan telefon danışığında bir sıra mühüm məsələlərə toxunulub. Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu Rusiya işğalçı dövləti silahlandırıb. İyul ayında Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi də arzuolunmaz haldır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın davamlı olaraq təzavüzkar ölkəni külli miqdarda silah-sursatla silahlandırması onun statusuna ziddir. Ərazilərimizi işğal edən, sülhdən boyun qaçıran, sülh prosesində maraqlı olmayan işğalçı Ermənistana hərbi yardımların edilməsi qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir. Ən əsası isə Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil. Bu da Rusiyanın regiondakı status–kvonu legitimləşdirməyə cəhdi kimi dəyərləndirilməlidir. İllərdir ölkəmizə qarşı işğalçı siyasəti yeridən Ermənistanı silahlandırmaq isə strateji müttəfiq kimi Azərbaycanın milli maraqlarını görməzdən gəlməklik deməkdir.
Təəccüb doğuran məqam isə, Ermənistanda Rusiyaya qarşı aqressiyanın artdığı, Soros və uşaqları tərəfindən faktiki olaraq Rusiyanın forpost ölkədə sıxışdırıldığı, Kremlə qarşı vuruşmuş, faşizmin yanında yer almış şəxslərin “qəhramanlaşdırıldığı” bir vaxtda Rusiya Ermənistanı hərbi sursatla silahlandırır. Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti bir daha göstərdi ki, Azərbaycanın dövlət və milli təhkükəsizlik maraqlarının qorunması öndə gəlir və Cənubi Qafqazda, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyətin gərginləşməsi nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzu edilən deyil.
Eyni zamanda, son hadisələr, Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması həmsədrlik institutunun tərkibində dəyişikliklər edilməsi məsələsini də gündəmə gətirdi. Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və Minsk qrupuna üzv olan ölkələrdən digər başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bölgədəki sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasətinin yürüdülməsi üçün bu məsələdə ən real namizəd regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyədir. Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır.