Bakı. Elçin Mehdiyev – Trend
Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Bu gün Ermənistan ciddi şəkildə demoqrafik problem yaşayır və ön cəbhəyə çıxartmaq üçün heç bir resursa malik deyil.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, burada digər bir problem ondan ibarətdir ki, mərkəzi hakimiyyət orduya nəzarət etmək iqtidarında deyil, elə bu səbəbdən da ona etibar etmir:
“Məhz bu amillər də Paşinyanı məcbur edir ki, öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırsın. Bu baxımdan Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal şəkildə istifadə etməyə cəhd göstərir. Hal-hazırda isə yaradılan dəstələrə xaricdən muzdluların cəlb olunacağına əminlik var. Sadalanan bu faktlar bir daha sübut edir ki, Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.
Bundan əlavə xalqın hakimiyyətə və orduya inamsızlığının nəticəsidir ki, heç kim hərbi xidmətə getmək istəmir. Buna görə də Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur.
Terroru dövlət siyasəti səviyyəsinə çatdıran Ermənistandan fərqli olaraq Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu ölkəmizdə və dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrində ixtisaslaşmış peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş və arsenalında ən müasir silah-sursat, hərbi texnikası olan ordudur”.