...

Belarusda yaşayan soydaşlarımız Azərbaycan Prezidentinə və Ordusuna dəstəklərini bildiriblər (FOTO)

Siyasət Materials 5 Oktyabr 2020 21:46 (UTC +04:00)
Belarusda yaşayan soydaşlarımız Azərbaycan Prezidentinə və Ordusuna dəstəklərini bildiriblər (FOTO)

Bakı. Trend:

Azərbaycanın Belarusdakı səfirliyində Azərbaycan İcmaları Konqresi, Belarusda yaşayan vətəndaşlarımız və təhsil alan tələbələrimizin iştirakı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü ilə bağlı görüş keçirilib.

Səfirlikdən Trend-ə bildiriblər ki, səfir Lətif Qəndilov görüşün Belarusda yaşayan Azərbaycan diasporunun müraciəti əsasında keçirildiyini deyib, hər kəsdən konkret təkliflərini və fikirlərini söyləməyi xahiş edib.

Tədbirdə Azərbaycan İcmalar Konqresinin rəhbəri Natiq Bağırov çıxış edərək konqresin adından Silahlı Qüvvələrimizə dəstəyini ifadə edib, torpaqlarımızın azad olunmasından çox sevindiyini bildirib və bunun üçün Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. O, Belarusda yaşayan azərbaycanlıların daim Silahlı Qüvvələrimizə imkanları çərçivəsində əllərindən gələn bütün köməyi göstərməyə hazır olduqlarını söyləyib. Belə ki, o, bir sıra azərbaycanlıların Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti köçürmək və orduya könüllü yazılmaq istədiklərini söyləyib.

Tədbirdə çıxış edən Dərya Hüseynova, Vüsal Qarayev, Cəmil Abbasov, Olesya Kasokina, Asəf Yusifov, Roman Lukasayev və Zakir Məmmədov Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaitinin toplanılmasının təşkil olunması ilə bərabər, orduya qida və dərman vasitələrinin göndərilməsini, Minskdə təhsil alan azərbaycanlı tələbələr və gənclərin ordu sıralarına könüllü yazılmaq istədiklərini qeyd edib, eyni zamanda, informasiya məkanında ermənilərin apardığı yalan təbliğatın qarşısını almaq məqsədilə “YouTube” və “Telegram” kanallarının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Digər iştirakçılar isə bir sıra mətbuat orqanlarında Dağlıq Qarabağda gedən döyüşlər barədə informasiyanın qeyri-obyektiv işıqlandırılmasına etirazlarını bildiriblər. Onlar azərbaycanlı ekspertlərin, təcrübəli politoloqların Belarus mətbuatında çıxış etmələrini təklif ediblər.

Səfirliyin hərbi attaşesi Elşən Rəhimov çıxış edərək cəbhədəki vəziyyət barədə məlumat verib.

L.Qəndilov orduya könüllü yazılmaq istəyənlərin səfirliyin hərbi attaşeliyinə müraciət etməsini, Belarus ictimaiyyətini Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı məlumatlandırmaq üçün IT sahəsində təcrübəsi olan 4-5 nəfərdən ibarət qrupların təşkil olunmasını təklif edib və bu məqsədlə “YouTube” və “Telegram” kanallarının yaradılması tövsiyə edib. Səfir, eyni zamanda, Belarus mətbuatında Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumuna dair yayılmış məlumatlarda qeyri-obyektivliyə görə Belarus vətəndaşlarına informasiya vasitələrinə, müvafiq qurumlara etirazlarını bildirməyi tövsiyə edib. Bir Belarus vətəndaşı kimi bunun onların haqqı olduğunu söyləyib. Səfir L.Qəndilov hər kəsə yüksək vətənpərvərlik nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib, orduya dərman və ərzaqla kömək etməkdənsə, Silahlı Qüvvələrin müvafiq hesablarına maliyyə vəsaitinin köçürülməsinin daha məqsədəuyğun olacağını söyləyib.

Tədbirin sonunda iştirakçılar hamı bir nəfər kimi Azərbaycanın Prezidenti İlham Əliyevə işğal olunmuş ərazilərimizin azad olunmasında göstərdiyi qətiyyətə və cəsarətə görə təşəkkürlərini bildirib, ona möhkəm cansağlığı diləyib və bu hərbi əməliyyatların sona qədər davam etdirilməsini arzu ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti