...

Adil Əliyev: Ermənistan həm diplomatiyada, həm də döyüşlərdə məğlub olmağa məhkumdur

Siyasət Materials 6 Oktyabr 2020 16:20 (UTC +04:00)
Adil Əliyev: Ermənistan həm diplomatiyada, həm də döyüşlərdə məğlub olmağa məhkumdur

Bakı. Trend:

Ermənistanın növbəti hücumu zamanı düşmənin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və həyata keçirilən əks-hücum əməliyyatları zamanı düşmən xeyli sayda itkilər verərək, geri çəkilməyə məcbur oldu. Hazırda, Cəbrayıl şəhəri və ətrafında olan kəndlər, habelə Fizuli və Tərtər rayonlarının böyük hissəsi işğaldan azad edilib, düşmənə məxsus xeyli sayda texnika və döyüş sursatı ələ keçirilib.

Cəbhə boyu döyüş əməliyyatları tam sürətlə davam etdiyi bir vaxtda Ermənistan tərəfi uduzduğunu görərək öz xislətinə uyğun olaraq, faşizm mahiyyətini ortaya qoyur, yenidən təxribatlara əl atır, mülki əhalini hədəfə alır. Ağır artilleriyadan sivil insanlara və mülki obyektlərə qarşı istifadə edir. Bu barbarlıqdır və Çenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmaqdır.

Xatırlatmaq istəyirəm ki, Ermənistan hakimiyyəti və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma xunta rejimi son iki il idi ki, müxtəlif təxribatlar törədirdi. Heç bir siyasi savadı və idarəetmə qabiliyyəti olmayan Nikol Paşinyan baş nazir kimi Ermənistanda hakimiyyətə gəldikdən sonra sülh danışıqlarını pozmaq, işğalçılıq siyasətini genişləndirmək üçün hər cür təxribata əl atdı. Davam edən sülh danışıqlarının fonunda "Soros" fondunun dəstəyi ilə Ermənistan hakimiyyətini ələ keçirən Nikol Paşinyanın 7 absurd şərt irəli sürməsi və cəbhə boyu təxribatlara başlaması isə müharibənin başlanmasını qaçılmaz etdi. O, faktiki olaraq sülh danışıqlarının davam etməsindən imtina etdi.

Vəziyyət o yerə çatdı ki, hətta ATƏT-in Minsk qrupunun həmsədrləri belə Paşinyanın irəli sürdüyü sərsəm bəyanatların sülh danışıqlarının bütün prinsiplərinə zidd olduğunu aşkar şəkildə etiraf etdilər. Lakin ayrı-ayrı qrupların maraqlarına xidmət edən Ermənistan rəhbərliyi nəinki öz mövqeyini dəyişdirmədi, əksinə verdiyi boş-boş bəyanatlarla Azərbaycan tərəfini qıcıqlandırmağa cəhd etdi. Qondarma rejimin rəhbərinin Şuşada inaqurasiya mərasimi keçirməsi və separatçı rejimin qondarma "parlament"inin Xankəndindən Şuşaya köçürələcəyini bəyan etməsi İrəvanın cinayətkar rejimin növbəti təxribatı oldu. Nəhayət, iyul ayında Tovuz rayonunda hərbi təxribatların törədilməsi, daha sonra isə Azərbaycana diversiya qrupu göndərərək təxribatlar törətmək niyyətinə düşməsi Paşinyanın məqsədyönlü addımları və onun rəhbərlik etdiyi ölkənin işğalçı mahiyyətinin daha bir təsdiqi oldu.

Təbii ki, danışıqlar prosesinin Ermənistan tərəfinin ciddi səyi nəticəsində dayanmasına beynəlxalq ictimaiyyətin heç bir ciddi reaksiya verməməsi düşməni daha da şirnikləndirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 75 illiyi bağlı çıxışında bildirdiyi kimi, BMT-nin qətnamələri bəzən saatlar ərzində icra olunmasına baxmayaraq Ermənistan tərəfi bu qətnamələri icra etməkdən 27 ildir ki, imtina edir. Qətnamələrin tələblərinə riayət etməmək bir yana dursun, davamlı olaraq sərhəd boyu erməni silahlı qüvvələri tərəfindən təxribatlar törədilir.

Təbii ki, danışıqlar masasında uduzduğunu görən Nikol Paşinyan növbəti dəfə təxribata əl atdı. Təxribatın qarşısı da rəşadətli ordumuz tərəfindən alındı. Hazırda işğal altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsi istiqamətində əməliyyatlar uğurla davam edir. Bu gün bütün Azərbaycan xalqı bir yumruq kimi öz Prezidentinin ətrafında birləşib və Ali Baş Komandanın əmr və göstərişlərini dərhal icra edir.

Sevincimizin həddi-hüdudu yoxdur. Azərbaycan torpağının incilərindən və vacib strateji ərazilərindən sayılan Cəbrayıl rayonu və ətrafında olan bir neçə kənd 27 ildən sonra düşmən tapdağından azad edildi! Azərbaycan Ordusu böyük qələbə qazanmaqla düşməni cəbhəboyu geri çəkilməyə məcbur edir. Düz 1 il bundan əvvəl Azərbaycan Prezidenti Ermənistanın baş nazirinə “Qarabağ Azərbaycandır!” - deyə qürurla cavab vermişdi. Bu gün Onun rəhbərlik etdiyi Ordu bu həqiqəti dünyaya sübut edir - “Qarabağ Azərbaycandır!”. Beləliklə, Ermənistan həm diplomatiyada, həm də döyüşlərdə məğlub olmağa məhkumdur.

Adil Əliyev
Milli Məclisin sədr müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti