...

Azərbaycan Prezidenti: İndiki anda Türkiyə əsla münaqişəyə cəlb edilmiş tərəf deyil

Siyasət Materials 7 Oktyabr 2020 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti: İndiki anda Türkiyə əsla münaqişəyə cəlb edilmiş tərəf deyil

Bakı. Trend:

Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində aparıcının “Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, bu iştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarət olmalıdır?” sualına cavabında bildirib.

Dövlətimizin başçısı Ermənistanın bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışdığını diqqətə çatdıraraq deyib: “Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk. Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakı dövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot sadəcə peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti