...

Gəncədən sonra Ordubad və Xızıya raket atması Ermənistanın terrorçu dövlət olduğunu bütün dünyaya göstərir - Deputat

Siyasət Materials 19 Oktyabr 2020 12:15 (UTC +04:00)
Gəncədən sonra Ordubad və Xızıya raket atması Ermənistanın terrorçu dövlət olduğunu bütün dünyaya göstərir - Deputat

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan silahlı qüvvələrinin dinc əhalinin yaşadığı Gəncə, Mingəçevir şəhərlərindən sonra cəbhədən uzaqda yerləşən Ordubad şəhərinə və Xızı rayonuna raketlər atması bu dövlətin təcavüzkar, qəsbkar və terrorçu, cinayətkar olduğunu bütün dünyaya bir daha göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərində dinc əhalinin, mülki şəxslərin yaşadığı binalarda növbəti böyük həcmli dağıntıların baş verməsi, qurbanların verilməsi vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.

İ.Həbibbəyli əlavə edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğrayır.

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun düşmən tərəfdə dinc əhaliyə atəş açmayaraq, yalnız döyüş meydanlarında qəsbkarlarla üz-üzə onlara layiq haqq-hesab kəsməsi Ali Baş Komandanımızın mövqeyi və Azərbaycan xalqının humanist simasının reallığıdır.

İ.Həbibbəyli Azərbaycan Ordusu tərəfindən işğal edilmiş ərazilərimizin düşmən tapdağından artıq təmizləndiyini nəzərə çatdıraraq qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin sahəsi getdikcə artır: "Ali Baş komandanın bu gün səhər açıqladığı məlumata görə, Cəbrayıl rayonunun daha 13 kəndi işğaldan azad edilib. Rayonlarımızın və kəndlərimizin düşməndən alınaraq xalqımıza qaytarılması Dağlıq Qarabağ uğrunda müharibənin taleyini həll edən mühüm hərbi-siyasi hadisələrdir. Bütün bu uğurlara Azərbaycan Ordusunun sarsılmaz gücü, Azərbaycan vətəndaşlarının yüksək vətənpərvərlik, həmrəylik, qətiyyəti, mübarizə əzmi və sarsılmaz iradəsi nəticəsində nail oluruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti