...

Möhtəşəm Qarabağ zəfəri Azərbaycanın əbədi qürur mənbəyi olacaq - Sahil Kərimli

Siyasət Materials 14 Noyabr 2020 09:41 (UTC +04:00)
Möhtəşəm Qarabağ zəfəri Azərbaycanın əbədi qürur mənbəyi olacaq - Sahil Kərimli

Bakı. Trend:

İlham Əliyev Müzəffər Ali Baş Komandandır. Çünki, o, qüdrətli Ordusu ilə Qarabağı azad edib. İlham Əliyev qəhrəman liderdir! Çünki, o, Azərbaycan dövlətinin və xalqının gücünü bütün dünyaya göstərib. İlham Əliyev xoşbəxt insandır. Çünki, o, ata vəsiyyətini yerinə yetirib. İlham Əliyev qalibdir! Çünki, onun ordusu cəmi 44 günlük hərbi əməliyyatlarla işğalçı Ermənistanı diz çökdürüb. İlham Əliyev düşmənə bütün müstəvilərdə unudulmaz dərs verib, təslimçi sülhə məcbur edib. Azərbaycan Prezidenti tarixi ədaləti bərpa edib, xalqına əvəzsiz qələbə sevinci yaşadıb. Azərbaycan tamlaşıb, bütövləşib. Bu, möhtəşəm qələbədir, unikal, görünməmiş qələbə!

Azərbaycan Vətən müharibəsinin qalibidir. Azərbaycan Ordusu işğalçı və terroçu ordunu darmadağın edib. Bu, Ermənistanın kapitulyasiyasıdır. Əslində, son iki ayda bütün dünya Azərbaycanın qüdrətini, Pezident İlham Əliyevin qətiyyətini, Azərbaycan xalqının sarsılmaz birliyini bir daha gördü. Biz ərazi bütövlüyümüzlə bərabər uzun illərdən bəri qırılan qürurumuzu, sarsılan mənəviyyatımızı da bərpa etdik.

Bu bir reallıqdır, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir. Odur ki, Azərbaycan Ordusunun Şuşanı fəth etməsindən sonra düşmən məğlubiyyətini qəbul etməli oldu. Şuşanın azad edilməsi haqq savaşımızın zirvə nöqtəsi idi. Şuşanın çox qısa zamanda az itkilərlə, şəhərə böyük ziyan vurmadan azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş əzminin, peşəkarlığının göstəricisi, rəşadət rəmzi idi. Həmin gün Prezident İlham Əliyev Fəxri Xiyabana və Şəhidlər Xiyabanına ilk dəfə olaraq hərbi geyimdə gəlmişdi. Müzəffər Ali Baş Komandanın ulu öndərin məzarı önündə və Şəhidlər Xiyabanında şəstlə verdiyi əsgər salamı qələbəmizin rəmzi idi. Bu, həm də müqəddəs ruhlara dərin ehtiram idi. Bu, Azərbaycanın əbədi qürur duyacağı möhtəşəm tarixi anlar idi. Bu tarixi görüntülər hər bir azərbaycanlının fəxr, sevinc mənbəyi, qalibiyyətimizin elanı idi.

Ermənistan baş nazirinin məğlubiyyətə imza atması Azərbaycanın uzun illərdən bəri apardığı haqq savaşının möhtəşəm təntənəsidir. İlham Əliyevin böyük fəxrlə imza atdığı qələbə bəyanatı Qarabağ münaqişəsinin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması deməkdir. Azərbaycan bu tarixi qələbə ilə yeni reallıqlar yaratdı. Düşmənin uzun illərdir formalaşdırdığı mif darmadağın edildi. Azərbaycan statusu öz xeyrinə dəyişməyi bacardı və tarixə düşdü. Bu uğur Azərbaycan Prezidentinin qətiyyətinin, dəmir iradəsinin, sərt və dəyişməz mövqeyinin mükəmməl göstəricisidir.

Prezident İlham Əliyev bütün fəaliyyəti boyu, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin milli maraqlarından bir addım da olsa geri çəkilməyib. Bu, həmişə belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı bəyanatın bütün maddələrində də ölkəmizin dövlətçilik maraqları tam qətiyyətlə qorunub. Bəyanatın bütün bəndlərində Azərbaycan dövlətinin və xalqının arzu və istəkləri əksini tapıb. Müharibədən sonra şərtləri qalib tərəf diqtə edir. Tərəflər arasında imzalanan bəyanatın şərtləri bu baxımdan Azərbaycanın maraqlarına tam uyğundur. Əgər bir neçə ay bundan əvvələ kimi Azərbaycan mümkün güzəştlərə hazır olduğunu bəyan edirdisə, bu gün artıq yeni reallıqlar yaranıb. İndi Qarabağa hər hansı bir status verilməsindən söhbət belə getmir. Çünki, vaxtilə Ermənsitan rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqe darmadağın edilib və bu gün münaqişənin həlli şərtlərini tam olaraq Azərbaycan müəyyən edir.

Qələbəmizin rəsmi təsdiqi olan bəyanatın xüsusilə diqqət çəkən bəndlərindən biri də Azərbaycanın əsas hissəsinin quru yolu ilə Naxçıvanla birləşdirilməsini nəzərdə tutur. Etiraf etmək lazımdır ki, bu çox böyük uğurdur və tarixi qələbədir. Çünki, iki əsrdə Azərbaycanın belə imkanı, belə bir üstünlüyü olmayıb. Naxçıvan əsrlər boyu blokadada yaşayıb. Amma indi vəziyyət tamamilə dəyişib, bölgədə yeni dövr başlayıb. Bu uğur da birbaşa olaraq Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ermənistanı bu güzəştə getməyə İlham Əliyev məcbur edib. Bəli, Ermənistan ərazilərindən Naxçıvana dəhliz verilməsi razılığı məhz İlham Əliyevin təkidli israrı ilə əldə olunub. Düşmənin başı üzərində dəmir yumruq var. Ali Baş Komandanın düşmənə göstərdiyi bu yumruq dünyanın ən güclü, ən öldürücü yumruğudur. Düşmənin başını əzən, düşmənə qan udduran, düşmənin belini qıran, nəfəsini kəsən dəmir yumruq Azərbaycan xalqının birliyinin əbədi rəmzidir.

Qarşıdakı bir neçə ildə Laçın dəhlizində həyata keçiriləcək sülhməramlı missiyada Rusiya ilə yanaşı, Türkiyə də iştirak edəcək. Laçın dəhlizinin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq. Proseslər Azərbaycan dövlətinin nəzarəti altında olacaq. Bu onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Hazırda Şuşa şəhəri də daxil olmaqla Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan ordusunun nəzarəti altındadır. İnzibati ərazisi böyük olan Ağdam, Laçın və Kəlbəcərin də bu günlərdə qan tökülmədən geri qaytarılması Azərbaycan tərəfinin böyük uğurudur. Bu rayonların azad edilməsi Dağlıq Qarabağa gedən bütün yolların, strateji yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycanın nəzarətində olması deməkdir.

Tezliklə Qarabağa böyük qayıdış başlayacaq. Tarixi torpaqlarımız əsl sahiblərini qarşılayacaq. Qarabağda yeni dövrün, yeni həyatın təməli qoyulacaq. Şübhəsiz ki, məcburi köçkünlərin öz torpaqlarına geri dönməsi Qarabağda demoqrafik balansı da tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Azərbaycanlıların böyük qayıdışı bu torpaqlara yeni nəfəs, inkişaf, tərəqqi gətirəcək. Çünki, biz qurucu, yaradıcı, humanist xalqıq. Biz minilliklərə söykənən tarixi irsə, yüksək mədəniyyətə və qədim ənənələrə sahib millətik.

İşğalçı Ermənistan üzərindəki tarixi qələbəmiz hər bir azərbaycanlının sınmış qəddini dikəltdi, məğlub xalq sindromunu aradan qaldırdı, xalqın inamını özünə qaytardı. Azərbaycan xalqının qətiyyətini və döyüş ruhunu bütün dünya gördü. Biz xalq olaraq yeni reallıqlar yaratdıq, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağını, gec-tez öz amalına qovuşacağını dünyaya göstərdik.

Azərbaycanın yazdığı yeni tarix qələbə ilə, uzun illərdir həsrətlə gözlənilən zəfərlə başlayır. Bu tarixdə Ermənistana yer yoxdur. Çünki İlham Əliyev faşizmi, terroru, işğalçılığı torpaqlarımızdan tamamilə silib atdı.

Sahil Kərimli,
Trend BİA-nın Baş redaktor müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti