...

Qalib ordunun müzəffər Ali Baş Komandanın qələbə yürüşü

Siyasət Materials 18 Noyabr 2020 17:33 (UTC +04:00)
Qalib ordunun müzəffər Ali Baş Komandanın qələbə yürüşü

Bakı. Trend:

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Füzuli rayonlarına səfərini izlədik. 44 günlük müharibənin zəfərlə bitən sonucunda Ali Baş Komandanın dərhal işğaldan azad edilən bu bölgələrə səfəri çox qürürverici bir hadisədir. Vətəndaşların Ali Baş Komandanın bu rayonlara səfərindən doğan böyük sevinc hissi üzlərindən, gözlərindən oxunurdu. Qarşılanma zamanı yaranan izdiham Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən qazanılan bu qələbənin miqyasını açıq göstərirdi, bu təntənə şanlı qələbənin əyani nümayişi idi. 30 il üzünə həsrət qaldığımız bu torpaqlarda artıq üçrəngli bayrağımız insanların ölkə Başçımıza olan sonsuz minnətdarlığının ifadəsi kimi yenidən dalğalanır. Bu da haqlı olaraq hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır.

Ölkə başçımız müxtəlif vaxtlarda regionlara səfər edir və bu cür izdihamlara da hər zaman şahid oluruq. Amma Qalib Ordunun Qalib Komandanı kimi işğaldan azad edilmiş ərazilərimizə - Cəbrayıla və Füzuliyə dərhal səfər etməsi ölkəmizin qarşısıalınmazlığının, məğlubedilməzliyinin göstərilməsi oldu. Bu səfər Müzəffər Ali Baş Komandanımızın qələbə yürüşü idi.

Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-Xalq-Ordu Birliyi bir nümunəyə çevrildi. Ölkə başçısı bütün çətinliklərə sinə gərdi, bəzən hərbi forma geyinərək döyüş əməliyyatlarının idarə edilməsinə birbaşa nəzarət etdi, bəzən haqlı mübarizəmizin dünyaya çatdırılmasına xidmət etdi. Dünyanın ən reytinqli televiziya kanallarına, informasiya agentliklərinə müsahibələr verdi, dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını ən incə detallarına qədər anlatdı.

Bu müsahibələr zamanı Prezidentimiz ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən jurnalistlərin məqsədli və qərəzli suallarına elə peşəkarlıqla cavab verirdi ki, bu cavab döyüş meydanında düşmənə vurulan zərbə qədər sərt və təsirli olurdu. Ermənistanın əsl simasını, mənfur xislətini, təcavüzkar siyasətini bir daha dünya birliyinə çatdıran Ali Baş Komandan həm işğalçı Ermənistana, həm də onun havadarlarına müharibədə məğlubiyyətə düçar olacaqlarının anonsunu da verirdi. Söhbətləri zamanı daim Ermənistanın siyasi rəhbərliyinin səriştəsizliyini, “küçə siyasəti” ilə dövlət siyasətinin yerini səhv salmasını, xalqımıza qarşı törədilən cinayətləri, baş verən saysız-hesabsız təxribat hallarını ardıcıllıqla sadalayır, düşmən ölkə tərəfindən beynəlxalq hüququn kobud şəkildə tapdalanmasına diqqət çəkirdi. Prezidentin dediyi sözlərlə döyüş bölgəsindəki uğurlu əməliyyatlar bir-birini dəqiqliklə tamamlayırdı.

Müharibənin başladığı ilk gündən etibarən cənab Prezident şəxsən özü müntəzəm olaraq xalqımızı baş verənlərlə bağlı məlumatlandırırdı. Hər bir Azərbaycan vətəndaşı gündəlik olaraq səbirsizliklə dövlət başçısının televiziyada çıxışını və ya “Twitter” sosial şəbəkəsində paylaşdığı xoş xəbərləri, işğaldan azad edilmiş ərazilərimizin elan edilməsini gözləyirdi. Təbii ki, başçısı olduğu ölkədə hər kəsin rəğbətini, məhəbbətini və dəstəyini qazanmaq bir Prezident üçün ən böyük mükafatdır. Bizim Ali Baş Komandan o mükafatın haqlı sahibidir.

Tarixi zəfərdən sonra Cəbrayıl və Füzuli rayonlarına olan səfər Qalib Komandanın öz sevincini xalqı ilə paylaşması məqsədi daşıyırdı. Hərbi əməliyyatların dayandırılmasından qısa zaman keçməsinə baxmayaraq, ölkə başçısının bütün təhlükələri gözə alaraq bu bölgələrə səfər etməsi, qalibiyyət sevincini xalqı ilə bölüşməsi, xalqın öz qalib Sərkərdəsini belə sevinc və izdihamla qarşılaması həm də “Mən hər bir azərbaycanlının Prezidentiyəm!” - deyən İlham Əliyevin xalqına olan sevgisinin bariz təzahürü idi.

Bu müddət ərzində istər cənab Prezident, istərsə də Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Buna hamımız əyani şahidik. Müzəffər Ordumuzun Ali Baş Komandanının işğaldan azad olunan bölgələrə səfəri zamanı hərbi qulluqçular tərəfindən gördüyü diqqət bir daha bunu deməyə əsas verir ki, müharibədə qalib gəlməyimizdə dəmir yumruğumuzla yanaşı dəmir iradəmizin və sarsılmaz inamımızın da çox böyük rolu olub.

Çox yox cəmi bir neçə ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Ermənistanın baş naziri Nikol Paşinyan bu gün çıxılmaz vəziyyətdədir, qəzəbli xalqının gözündən gizlənməyə yer axtarır. Bu 44 gün ərzində erməni xalqı öz baş nazirinin necə zəif və gücsüz olduğunu gördü. İşğalçı ölkə ilə bərabər bütün dünya da gördü ki, torpaqların əsl sahibləri qayıdıb...

Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Qalib Komandanı qazanılmış qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə getdi. Səfər zamanı ölkə başçısının avtomobili özünün idarəetməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

Adil Əliyev,
Milli Məclisin Sədr müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti