...

Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova

Siyasət Materials 25 Noyabr 2020 19:52 (UTC +04:00)
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova

Bakı. Trend:

Fransanın hazırkı hakimiyyəti təəssüflər olsun ki, əsl mahiyyətini göstərməyə davam edir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Ordumuzun şanlı Qələbəsi nəticəsində artıq tarixə çevrilən qondarma “dqr”in mifik “müstəqilliy”inin tanınmasına dair qanun layihəsi müxtəlif fraksiyaları təmsil edən 5 deputat – Bruno Retayo, Patrik Kanner, Erve Marsel, Elian Asassi və Giyom Qotar tərəfindən Fransa Senatına təqdim olunub.

Fransa Senatına bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senatorlar tərəfindən bu təklifin edilməsi və Fransa Senatının Rəyasətində “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsinin qəbul edilməsi bu ölkənin mövcud hakimiyyətinin adekvat olmadığını və Fransa prezidentinin siyasətdə naşı olduğunu göstərir. Bu deputatlar ilk baxışdan və əqidə baxımından Fransa prezidenti Emmanuel Makrona rəqib siyasi qüvvələrin nümayəndələri sayılsalar da, lakin əsl həqiqətdə isə onlar Makronla eyni mövqedən çıxış edirlər. Bu, öncədən razılaşdırılmış bir siyasi oyundur, siyasi kombinasiyadır. Belə deyək də, Makron Azərbaycana öz siyasi rəqiblərinin əliylə təzyiq göstərməyə çalışır. Bu isə ona əlavə manevr imkanları yaradır. Yəni ki, Makronun öz düşüncəsinə görə belə ola bilər. Ancaq əsl həqiqətdə isə Makron ciddi şəkildə yanılır.

Bu qətnamənin Fransa Senatının Rəyasətində qəbul edilərək Plenara ötürülməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. BMT TŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır, nəzərə alsaq ki, bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs vermişdir, Senatın bu addımı öz-özünü inkar mənası verir. Bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir.

Fransa isə nəinki 30 il ərzində həmsədr kimi heç bir işə yaramayıb, sentyabrın 27-dən aktiv əməliyyatlar başlayanda mandatına zidd olaraq aşkar şəkildə münaqişə tərəflərindən birini dəstəkləyib, Makron isə heç bir fakt və əsas olmadan muzdlularla bağlı Azərbaycanın ünvanına şəxsən böhtan və ittihamlar səsləndirib. Belə olan halda neytral vasitəçi və həmsədr kimi həm hüquqi, həm də mənəvi olaraq vasitəçilik haqqını bitirən Fransanın prezidentinin və xarici işlər nazirinin Qarabağ probleminin nizamlanmasında hələ də özünü görməsi, bununla bağlı hansısa bəyanatlar səsləndirməsi artıq diplomatik dillə ifadə edilməsi mümkün olmayan siyasi tərbiyəsizlikdir.

Fransanın yüksək vəzifəli şəxsləri Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə ilə bağlı da sülhü təmin edən bəyanatlar vermək əvəzinə, qızışdırıcı və regionda sabitliyə xələl gətirən çıxışlar etməkdədirlər. Qarabağ məsələsində də qızışdırıcı bəyanatlar verən Fransa rəsmiləri bu dövlətin və fransız xalqının maraqlarını düşünmürlər. Onlar erməni maliyyəsi və rüşvət hesabına siyasi işbazlıqla məşğul olaraq öz şəxsi merkantil maraqlarını həyata keçirtməkdədirlər. Fransa xarici işlər nazirinin indiki vaxtda “Dağlıq Qarabağın gələcək statusu təyin edilməlidir” bəyanatının hansı izahı ola bilər? Məgər Paris bilmir ki, tərəflər arasında münaqişədə ən ziddiyyətli məqam sayılan Qarabağın statusu məsələsi iki gün əvvəl Paşinyanın razılığı ilə artıq həllini Azərbaycan sərhədləri çərçivəsində tapıb? Yoxsa Fransa əldə edilmiş razılıqdan qane olmayaraq özünü guya ermənilərin halına yanan kimi göstərmək istəyir? Əslində, Fransanın razılaşmanın əldə olunması prosesindən kənarda qalması, başqa sözlə desək, Qarabağ probleminin nizamlanmasında Rusiya tərəfindən “ofsaya”a salınmasından doğan acını başa düşmək olar. Razılaşmadan sonra Parisdən qalxan səs-küy həm də Rusiyaya münasibətdə doğan qısqanclığın təzahürləri də hesab oluna bilər.

Fransa münaqişənin həllində Türkiyə və Rusiyanın ön plana çıxmasından və özünün arxa planda qalmasından narazı və narahatdır. Həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir. Son zamanlar Fransa-Türkiyə “cəbhəsi”ndə yaşanan gərginliklər Fransanın Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi qərarlarında (məsələyə qeyri-obyektiv yanaşması) bariz şəkildə hiss olunur.

Rusiya, Azərbaycan və Ermənistan arasında razılığın əldə edildiyi bir vaxtda Fransanın prezidentinin, xarici işlər nazirinin sərsəm açıqlamaları əldə edilmiş razılığın reallaşması perspektivliyinə xələl gətirir və regionda müharibənin bərpasına gətirib çıxara bilər. Makrona məsləhət görərdik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin. Fransa dövləti bundan sonra verəcəyi bəyanatlardan öncə biraz tarixə nəzər salmalıdır. Bu qeyri-peşəkar,qərəzli bəyanatlar tamamilə əsassızdır və Azərbaycan dövləti tərəfindən qəbul edilməyəcəkdir.

Azərbaycan dövləti və xalqı Fransa Senatının bu qətnaməni müzakirəyə çıxarmaqdan imtina edəcəyinə ümid edir. Yaxşı olardı ki, 30 il ərzində münaqişənin nizamlanması ilə bağlı heç nə etməyən, Cənubi Qafqaza heç bir təsir mexanizmi olmayan Paris həmsədr kimi mandatını təhvil versin və öz daxili problemləri ilə məşğul olsun. Bu gün dinlərarası və xalqlararası toqquşma meydanına çevrilən Fransa Azərbaycanla, Azərbaycanın daxili işi ilə bağlı açıqlamalar verərkən, dönüb güzgüdə özünə baxsın.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Tamam Cəfərova,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti