...

İtaliya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması əməkdaşlığın inkişafına töhfə verəcək

Siyasət Materials 9 Dekabr 2020 12:18 (UTC +04:00)
İtaliya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması əməkdaşlığın inkişafına töhfə verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri aparılacaq. Bu ərazilər böyük təbii sərvətlərə malikdir və həmin ərazilərdə iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün geniş perspektivlər var.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, ilk növbədə bu işlərə Azərbaycan şirkətləri cəlb olunacaq: “Eyni zamanda bizə dost ölkələrin şirkətlərinin bu prosesdə iştirak etməsi üçün dəvətlər göndərilib və bu dövlətlər sırasında sözsüz ki, İtaliya da var. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi 44 günlük Vətən müharibəsi zamanı bizim əsl dostlarımızın kimlər olduğunu gördük və biz dosluğa böyük qiymət verən ölkəyik”.

S.Hüseynova bildirib ki, İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfəri, o cümlədən onların Gəncəyə və Ağdama səfərləri və orada erməni vəhşiliklərinə birbaşa şahidlik etməsi İtaliyanın Azərbaycana dost münasibətinin göstəricisidir:

“Bu dostluğa dəyər verərək Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə İtaliya şirkətlərinin iştirak etməsinin arzu olunduğunu bildirdi. İtaliya ilə Azərbaycan arasında iqtisadi, siyasi, humanitar, mədəni sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. İtaliya ilə Azərbaycan həm də strateji tərəfdaşdırlar. Eyni zamanda iki ölkə arasında çox uğurlu ticarət əməkdaşlığı var və Azərbaycan İtaliya üçün ən etibarlı enerji təchizatçılarından biridir və TAP layihəsi başa çatdıqda sonra bu əməkdaşlıq daha uğurlu olacaq.

Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9.9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyon dollar olan 37 layihədə işlərdə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü element kimi çıxış etməsinin göstəricisidir.

İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə cəlb ediməsi iki ölkə arasında əməkdaşlığın, o cümlədən mədəni, iqtisadi, turizm, yeni texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və yeni bir mərhələyə çıxmasına səbəb olacaq.

Göründüyü kimi Vətən müaribəsi zamanı Azərbaycana dost münasibəti göstərən ölkələr bu yeni imkanlardan faydalana biləcəklər, qərəzli münasibət göstərən ölkələr isə kənarda qalacaqlar.

Onu da qeyd edim ki, İtaliya-Azərbaycan universitetinin açılması da iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafına töhfə verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti