...

Prezidentə yazırlar: Xalqın Sizə və rəhbərlik etdiyiniz Orduya güvəni sonsuzdur

Siyasət Materials 15 Dekabr 2020 13:22 (UTC +04:00)
Prezidentə yazırlar: Xalqın Sizə və rəhbərlik etdiyiniz Orduya güvəni sonsuzdur

Bakı. Trend:

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Həbib Fətəliyevdən, Bakı, Azərbaycan

Hörmətli Prezidentimiz.

Dünyada Sizin kimi müdrik lider, təmiz qəlbli Ali Baş Komandan görmədim. Bizim üçün Sizdən qüdrətli rəhbər, Prezident yoxdur. Buna görə də mən və ailə üzvlərim Sizə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsini və ömürlük Prezidentimiz olmağınızı istəyirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Fətəliyev Həbib Tofiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

XXX

Rövşən Məmmədovdan, Sabirabad, Azərbaycan

Cənab Müzəffər Ali Baş Komandan.

Bu yaxınlarda 44 gün davam edən və böyük Qələbəmizlə nəticələnən Vətən müharibəsini yaşadıq. Qazandığımız Qələbəyə görə Sizə, əsgər və zabitlərimizə minnətdarlığımı bildirirəm.

Sizin uzaqgörən fəaliyyətiniz, qətiyyətiniz, cəsarətiniz haqqında nəinki xalqımız, hətta aparıcı ölkələrin mediaları da yüksək fikirlər ifadə edirlər. Siz göstərdiyiniz qətiyyətə, apardığınız uzaqgörən siyasətə, düşmən üzərində qazandığınız Qələbəyə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiqsiniz.

Tanrı Sizi qorusun! Tanrı Azərbaycanımızı qorusun!

Hörmətlə,

Məmmədov Rövşən Rahib oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Dadaşbəyli kəndi.

XXX

Musa İsmayılovdan, Ağdam, Azərbaycan

Cənab Müzəffər Ali Baş Komandan.

Bir qarabağlı olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Siz təkcə torpaqlarımızı yağı düşmən tapdağından təmizləmədiniz, həm də bizim vicdanımızı, şərəfimizi təmizlədiniz. Dünyasını dəyişmiş bütün qarabağlıların ruhunu şad etdiniz. Bütün dünyaya Azərbaycanın gücünü göstərdiniz.

Cənab Prezident, tarix boyu baş verən bütün müharibələrdə ordudan yayınma halları baş vermişdir. Lakin Sizin Komandanlıq etdiyiniz bu Vətən müharibəsində əksinə oldu, döyüşə getmək istəyən könüllülərin çoxluğu sübut etdi ki, xalqın Sizə və rəhbərlik etdiyiniz Orduya güvəni sonsuzdur. Otuz il işğal altında qalan torpaqlarımız verilən düzgün əmrlər, mükəmməl döyüş taktikası və uzaqgörən siyasətiniz nəticəsində azad edildi. Siz təkcə Ermənistanla mübarizə aparmadınız, onların havadarlarını da susdurmağı bacardınız. Siz 44 gün diplomatiya masasında da savaşdınız. Sizinlə qürur duyuram. Seçkilərdə Sizə səs verdiyim üçün xoşbəxtəm.

Cənab Prezident, qarabağlılar adından son bir istəyimiz də var ki, Sizə "generalissimus" hərbi rütbəsi verilsin. Çünki Siz ən ali fəxri adlara, rütbələrə layiq şəxsiyyətsiniz. Ömrümüzün sonunadək Sizə borcluyuq. Allah Sizi xalqımızın başının üstündən əksik etməsin.

Hörmətlə,

İsmayılov Musa Hüseyn oğlu.

Azərbaycan Respublikası, Ağdam şəhəri.

XXX

Xəlil Məmmədovdan, Kürdəmir, Azərbaycan

Qəhrəman Prezidentim.

Siz televiziya vasitəsilə xalqımızı, eləcə də biz məcburi köçkünləri torpaqlarımızın işğaldan azad olması münasibətilə təbrik etdikdə təəssüf ki, bizim də həmin an Sizi təbrik edib, gözaydınlığı vermək imkanımız olmur. Sizin xalqımız üçün etdiklərinizin qarşısında söz tapıb demək çox çətindir. Əgər nə zamansa Sizinlə qarşılaşsam, düşmənə qarşı əks-hücum əməliyyatı əmri verdiyiniz üçün əllərinizdən öpəcəyəm. Çünki Siz bizim kimi məcburi köçkünləri el töhmətindən qurtardınız.

Cənab Prezident, Siz müraciətlərinizin birində dediniz ki, "Şuşasız işimiz yarımçıq qalar". İstərdim ki, Şuşanın girişində Sizin qızıldan heykəliniz ucaldılsın və gəlib-gedənlər Sizin qəhrəman olduğunuzu görsünlər. Düşünürəm ki, bu heykəl Sizin zəhmətinizin heç olmasa qismən qarşılığı olar.

Sonda Sizi bağrıma basıb öpürəm, Sizə uzun ömür, cansağlığı və daimi Prezidentimiz olmağınızı arzulayıram.

Hörmətlə,

Məmmədov Xəlil Cəmil oğlu, Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Carlı kəndi.

XXX

Aytac Əzimovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqına misli görünməyən tarixi və şərəfli Qələbə yaşatdığınız üçün vətəndaş cəmiyyətinin bir üzvü kimi mənim də sevincimin həddi hüdudu yoxdur.

Apardığınız məqsədyönlü siyasət nəticəsində güclənən Azərbaycan Ordusu tərəfindən mənfur düşmən üzərində qazanılan şanlı Qələbəni dəstəkləyən qardaş Türkiyə ilə yanaşı, bu Zəfəri həzm edə bilməyən, gözü götürməyən bəzi qüvvələr də mövcuddur. Otuz ilə yaxın müddətdə Azərbaycanın dilbər guşəsi Qarabağın işğaldan qeyd-şərtsiz azad olunması məsələsində dünya birliyi Azərbaycanı dəstəkləsə də, bu müddətdə üzərinə düşən vəzifəni yerinə yetirmək istəməyən bəzi qüvvələrin indiki şanlı Qələbəmizə məyusluğu gözlənilən idi.

Cənab Müzəffər Ali Baş Komandan, Siz dünya diplomatiya tarixinə yazılan, açıq və milli maraqlara əsaslanan siyasətinizlə Qarabağın Azərbaycan torpağı olmasını və Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbulunun mümkünsüzlüyünü faktlarla sübut etdiniz. Ən müasir hərbi texnologiyaların tətbiq olunduğu və hibridliyinə görə fərqlənən Vətən müharibəmizdə uğur qazanan müzəffər Ordumuzun intellektual texnologiyalarla təchizatı hərbi sahədə apardığınız islahatların nəticəsidir.

Məhz Sizin siyasətinizdən ruhlanan minlərlə Azərbaycan gənci könüllü olaraq orduya yazıldı. Sizin rəhbərliyinizlə müzəffər Ordumuz 44 gün ərzində 30 ilin həsrətinə son qoyaraq düşməni diz çökdürdü. Bununla da Azərbaycan öz gücünü bütün dünyaya göstərdi, tarixi ədalət bərpa olundu.

Biz xoşbəxtik, çünki varlığımız ümidlə doludur. Biz əminik ki, Azərbaycan xalqına məxsus bir qarış, bir zərrə torpaq da bundan sonra heç vaxt yadların təcavüzünə məruz qalmayacaq, Vətənimizə göz dikən olarsa, amansızlıqla susdurulacaq və məhv ediləcək.

Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək dəyərləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaq.

Qazanılan şanlı Qələbə münasibətilə bir daha Sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz sevincli günlərə görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Əzimova Aytac

Azərbaycan Respublikası, Bakı şəhəri.

XXX

Anar Qarayev, Yevlax, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən Sizə Yevlax gəncləri adından müraciət edirəm. 44 gün davam edən böyük Vətən müharibəsi Sizin rəhbərliyiniz ilə rəşadətli Ordumuzun Qələbəsi ilə başa çatdı. Bu qələbə Sizin güclü iradənizin sayəsində əldə edildi. Sizə olunan müxtəlif basqılara baxmayaraq güclü siyasi iradə nümayiş etdirdiniz və bu iradə bizlərə ümummilli lider Heydər Əliyevi xatırlatdı. Ümummilli liderimiz Heydər Əliyev sizə çox inandığını və Azərbaycanı uğurlu gələcəyə aparacağınızı demişdi. 2003-2020-ci illər ərzində siz ümummilli liderimizin dediklərinin həqiqətən də doğru olduğunu sübut etdiniz və bizim buna heç şübhəmiz yox idi. Vətən müharibəsində 2783 şəhidimiz oldu. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik. Əziz Prezidentimiz, həmişə biz gənclər Sizi dəstəkləyəcəyik. Siz Azərbaycan xalqını işıqlı gələcəyə aparırsınız. Biz Sizi ömürlük prezidentimiz görürük. Siz adınızı tarixə qızıl hərflərlə yazdınız. Sizə uzun ömür can sağlığı arzu edirik. Siz ümummilli liderimiz Heydər Əliyevin yolunu davam etdirdiyiniz kimi Sizin oğlunuz Heydər Əliyevin də sizin yolunuzu davam etdirəcəyinə şübhə etmirik. Heydər Əliyev irsinin əbədi yaşayacağına əminik. Bu irs Azərbaycan xalqını xilas etdi və əbədi yaşamağa layiqdir.

Hörmətlə,

Qarayev Anar Saleh oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi.

Azərbaycan Respublikası, Yevlax şəhəri, Ərəş kəndi.

XXX

Rafiq Hümbətovdan, Tbilisi, Gürcüstan

Hörmətli cənab Prezident,

Əvvəla, Sizi, müzəffər Azərbaycan Ordusunu və xalqımızı şanlı Qələbə münasibətilə təbrik edirik. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Sizin müdrik rəhbərliyiniz, əsgər və zabitlərimizin misilsiz şücaətləri sayəsində ədalətin təntənəsi və Qarabağın işğaldan azad olunması bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da hədsiz sevincinə səbəb olub. Əlbəttə, biz Gürcüstan sakinləriyik və yaşadığımız ölkənin sadiq vətəndaşlarıyıq. Bununla belə, biz azərbaycanlıyıq, damarlarımızda azərbaycanlı–türk qanı axır, doğma vətənimiz Gürcüstan kimi, milli vətənimiz Azərbaycanın da dərdi dərdimiz, sevinci sevincimizdir. Təbii ki, müharibənin getdiyi 44 gün ərzində Gürcüstanda yaşayan soydaşlarımız da birləşərək bir can oldular, Azərbaycanımızın haqlı mübarizəsində həmrəyliklərini göstərdilər, çoxminli dəstək mitinqləri keçirdilər, yerli icmamız 60-dək qeyri-hökumət təşkilatı ilə birgə bəyanat imzalayaraq, Gürcüstan rəhbərliyinə, Gürcüstanda yerləşən diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatların Tbilisidəki təmsilçiliklərinə təqdim etdi, ayrı-ayrı şəxslər və təşkilatlar Qərbi Avropa dövlətlərinin parlamentlərinə müxtəlif məzmunlu yüzlərlə məktub ünvanladılar. Bərdə, Tərtər və Gəncənin bombalanmasına, dinc sakinlərin həlak olmasına etirazlarını bildirdilər, aksiyalar keçirdilər. Bu 44 gün ərzində həm də televizor ekranları qarşısında sonsuz həyəcanla Sizin müjdəli xəbərinizi gözlədik, işğaldan azad edilən hər məntəqənin adını eşitdikcə ürəkləndik, qürur duyduq, təsirli anlar yaşadıq. Nəhayət, ən möhtəşəm müjdəni - qədim Şuşanın işğaldan azad olunması xəbərini noyabrın 8-də Şəhidlər xiyabanından bəyan etdiniz. İki gün sonra isə Ermənistanın kapitulyasiya etməsi, Azərbaycanımızın düşmən üzərində parlaq Qələbə çalması xəbərini də ilk olaraq Sizdən eşitdik. Otuz ilə yaxın gözlənilən bu Qələbənin şərəfinə Gürcüstanın ayrı-ayrı bölgələrində qurbanlar kəsildi, ziyafətlər, tədbirlər təşkil olundu, şəhidlərimizin əziz xatirəsinə ehsanlar verildi. Bu ildırımsürətli müharibədə əslən Gürcüstandan olan yüzlərlə əsgərimiz də döyüşüb. Son məlumatlara görə, onlardan 16 nəfər şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Hörmətli cənab Prezident, bu parlaq Qələbəyə, qaytarılan milli qürurumuza, özünəinamımıza, 30 ilə yaxın yağı tapdağında inildəyən əzəli və əbədi Azərbaycan torpaqlarında üçrəngli müqəddəs bayrağımızı ucaltdığınıza görə Sizə və qəhrəman Azərbaycan Ordusuna ürəkdən təşəkkür edirik.

Məhz Sizin uzaqgörən və müdrik siyasətiniz Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı. Dekabrın 10-da keçirilən Zəfər Paradı isə Sizin "Qarabağ Azərbaycandır və nida" kəlamınıza əbədi bir nida qoydu. Uca Tanrı Sizi, Azərbaycanımızı və bütün azərbaycansevərləri qorusun.

Hörmətlə,

Hümbətov Rafiq

Gürcüstan, Tbilisi şəhəri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti