...

Qüdrətli Azərbaycanın məğlubedilməz Ali Baş Komandanı var! - Adil Əliyev

Siyasət Materials 22 Dekabr 2020 13:00 (UTC +04:00)
Qüdrətli Azərbaycanın məğlubedilməz Ali Baş Komandanı var! - Adil Əliyev

Bakı. Trend:

Milli Məclisin Sədr müavini Adil Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Yaxşı yadımdadır ki, 31 oktyabr 2003-cü il tarixində andiçmə mərasimindəki nitqinizdə demişdiniz: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”. Dünya azərbaycanlıları həmin mərasimdə Sizin dilinizdən “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” sözlərini də eşitmişdi. Bu fikirləriniz qəlbi Vətən sevgisi ilə döyünən, öz taleyini xalqının, dövlətinin gələcəyinə bağlayan hər bir azərbaycanlıda böyük ümid yaratmışdı. Siz hər bir azərbaycanlının Prezidenti olmaq yolunda inamla və qətiyyətlə, yorulmadan çalışarkən sadə vətəndaşlar bütün vədlərinizin, ələlxüsus, torpaqlarımızın işğaldan azad olunması barədə sözünüzün gerçəkləşməsini səbrsizliklə gözlədi. Siz “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyirdiniz, cənab Prezident! Və vaxt yetişdi – biz sözünüzdəki həqiqətin canlı şahidləri olduq: sərrast siyasi snayper kimi vaxtında hədəfə nail oldunuz, dəqiq strateji həmlə ilə məsələnin həlli baş tutdu. Beləliklə, müstəqil Azərbaycanın vətəndaşı öz dövlətinin qüdrətini, Ordusunun zəfər yürüşünün şahidi oldu, xalqımızın 30 illik torpaq – yurd həsrəti bitdi.

Xalqın arzularını gerçəkləşdirmək hər bir liderə nəsib olmur. Siz həm də ona görə məğrur və xoşbəxtsiniz ki, həm insanların ümidlərini doğruldubsunuz, həm də ata vəsiyyətini gerçəkləşdiribsiniz. Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətiniz zamanı qeyd etdiniz ki, “böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!”. Bu qürur, fəxarət həm də bizə, dünya azərbaycanlılarına məxsus idi. Çünki mədəniyyət beşiyimiz olan tarixi torpağımız - əzəli, əbədi yurdumuz yağı düşmənin əsirliyindən qurtarılmışdı, həmçinin bütün dünya bir daha bizim vədinə, andına sadiq Müzəffər Sərkərdəmizin, qətiyyətli Liderimizin olduğunu görmüşdü. Siz vurğuladınız ki, “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu xoşbəxtlik həm də bizə aid idi, möhtərəm Prezident! Çünki bu vəsiyyətin yerinə yetirilməsinə şahidlik etdiyimiz, himnimizi Zəfər marşı kimi sevinc gözyaşları ilə dinlədiyimiz üçün xoşbəxt idik.

Möhtərəm cənab Prezident!

Bilirəm, hər bir azərbaycanlı kimi Sizin də ən böyük arzunuz paytaxt Bakıda Zəfər paradına şahidlik etmək idi. Arzunuz gerçək oldu, arzuları gerçəkləşdirdiniz, cənab Prezident! Siz xalqına Zəfər paradını görməyi nəsib edən böyük strateq, yenilməz sərkərdə kimi adınızı tarixin yaddaşına əbədi həkk etdirdiniz!

Biz buna inanırdıq, bilirdik ki, zaman gələcək, üçrəngli bayrağımız qurtuluş savaşımızın qələbə rəmzi kimi zirvədə əzəmətlə dalğalanarkən qalib Azərbaycan əsgəri Zəfər marşının sədaları altında məğrurcasına addımlayacaq. Bu tarixin müəllifi Sizsiniz, Müzəffər Ali Baş Komandanımız! Şəhidlərin qarşısında baş əyərkən Sizə sonsuz minnətdarlıq hissi ilə təşəkkürümüzü bildiririk. Yaxşı ki, qüdrətli Azərbaycan və onun məğlubedilməz Ali Baş Komandanı var!

Fürsətdən istifadə edərək Sizi ad gününüz, həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm. Milli maraqlara, ali dəyərlərə əsaslanan, ölkəmizin qüdrətinin artmasına xidmət edən çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti