...

Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev

Siyasət Materials 18 Yanvar 2021 16:22 (UTC +04:00)
Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev

Bakı. Trend:

Azərbaycanlılara qarşı çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə yeksan ediblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun haqq savaşında qazandığı möhtəşəm qələbə həm də Ermənistanın işğalçılıq, vandalizm siyasətini təsdiqlədi, ermənilərin əsl simasını dünyaya nümayiş etdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızda ermənilər dünyada görünməmiş vəhşiliklər törədiblər. Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhərlər, kəndlər… Hər addımda Ermənistanın vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkə olmasının izlərinə rast gəlinir. 30 ildir beynəlxaq hüquqa məhəl qoymayan bu ölkə donuz tövləsinə çevrilərək təhqir edilən məscidlərin, abidələrin timsalında birmənalı olaraq bütün İslam dininə olan münasibətlərini nümayiş etdirib.

Təəssüflər olsun ki, ermənilərin Azərbaycan ərazisində müsəlman məscidlərinə, dini inanc ocaqlarına qarşı törətdikləri vandalizm aktlarına, islam dünyasının müqəddəs ocaqlarının təhqir olunmasına göz yuman, hətta Ermənistanla münasibətlərini davam etdirən, əməkdaşlıq edən müsəlman dövlətləri var. Onlar Azərbaycana, İslam dininə qarşı bütün çirkin oyunlarda erməninin yanında dururlar. Buna islam birliyinə xəyanətdən başqa nə ad vermək olar?

Dövlət Başçımız İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən, beynəlxalq tədbirlərdə məscidlərimizi, İslam dinini təhqir edən işğalçı Ermənistanın müsəlman ölkələri ilə dostluğuna münasibətini bildirib. Məscidləri dağıdan, oraya inək salan Ermənistanın müsəlman ölkələri ilə dost münasibətinin riyakarlıq olduğunu qeyd edib.

Ölkə Prezidenti İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən xüsusi ilə vurğulayıb ki, Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox”.

Dünya dövlətlərinin və beynəlxalq təsisatların beynəlxalq aləmdə müsbət imici olmayan Ermənistana etibar etmədikləri halda bəzi müəslman dövlətlərinin işğalçı ölkə ilə əməkdaşlıq əlaqələri qurması gülünc görsənir. O ölkələr bilmirlərmi ki, Ermənistan barbar, vandal, islamofob ölkədir və bütün dünya üçün təhlükə saçır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti