Bakı. Elçin Mehdiyev – Trend:
Dünən Ankarada keçirilən Türkiyə - Azərbaycan İş Forumu qardaş dövlətlərin gələcək iqtisadi inkişafına, əlaqələrin daha da möhkəmlənməsinə, münasibətlərin hərtərəfli yaxşılaşdırılmasına yeni yollar açır, imkanlar yaradır.
Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Türkiyə tarix boyu Azərbaycanın yanında olub, xalqlarımız daim bir - birinə dəstək verib, kömək əlini uzadıb: “Bu, ikinci Qarabağ müharibəsində özünü daha aydın və qabarıq şəkildə göstərdi. Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqı Azərbaycanın haqlı mübarizəsinə nəinki dəstək verdi, axıra kimi bizimlə bir olacaqlarını bəyan etdi və bunu əməldə sübuta yetirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, zaman yeni reallıqlar yaradır və qarşıya yeni vəzifələr qoyur. Müharibənin, qazanılan qələbənin bir reallıq olduğunu və ölkəmiz üçün yeni dövrün başlandığını nəzərə alsaq və qalibiyyətimizi xalqlarımızın ortaq sevinci kimi dəyərləndirsək, Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi vacibdir.
Əlbəttə, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Forumda qeyd edildiyi kimi hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan iş adamları bu baxımdan Qafqaz və mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir”.
Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir: “Bakı - Tblisi - Ərzurum neft və qaz kəmərlərinin, Bakı - Tblisi - Qars dəmir yolunun, TANAP və TAP layihələrinin həyata keçirilməsi bölgədə iqtisadiyyatın davamlı inkişafına imkan yaratmış, xalqlarımızın həyatını yaxşılaşdırmışdır. Bakı -Tblisi - Qars dəmir yolu artıq öz imkanlarını göstərir və ötən il dəmir yolu xətti ilə daşınan yüklərin həcminin iki dəfə artması yeni uğurlardan xəbər verir.
Sözsüz ki, nəqliyyat və tranzit imkanlarının artırılması hər iki dövlət üçün çox əhəmiyyətlidir və bu Forumda bir daha diqqətə çatdırılmışdır.
Fizuli - Şuşa, Toğana - Kəlbəcər yolunun tikintisində Türkiyə şirkətlərinin iştirakı, Füzulidə tikilən hava limanının layihəsində türk qardaşlarımızın iştirakının nəzərdə tutulması, ərazilərin minalardan təmizlənməsində, bir çox humanitar tədbirlərin həyata keçirilməsində qardaş dövlətin nümayəndələrinin fəallıq göstərməsi birliyimizə, həmrəyliyimizə təkan verir, bizi bir-birimizə daha da doğmalaşdırır. Türkiyə ilə qardaşlığımız və birliyimiz əbədidir və sözsüz ki, əbədi olaraq davam edəcəkdir".